Orxan Baxışlıya hökm oxundu

Orxan Baxışlı

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlıya hökm oxunub. Hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə əsasən, O.Baxışlı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilib.

Məhkəmədə O.Baxışlı özü də son sözünü deyib, vəkili Elçin Sadıqov müdafiə nitqilə çıxış edib.
E.Sadıqov bildirib ki, müvəkkilinə qarşı irəli sürülən narkotik ittihamı əsassızdır. O.Baxışlıya qarşı ittihamı təsdiqləyən heç bir mötəbər sübut olmadığını deyən vəkil istintaq zamanı yol verilən pozuntulardan, ziddiyyətli məqamlardan danışıb.

O.Baxışlı da son sözündə narkotik ittihamının saxta olduğunu, saxlandıqdan sonra polislər tərəfindən cibinə atıldığını bildirib. Qeyd edib ki, şərlənməsinin yeganə səbəbi siyasi baxışları, ölkənin demokratikləşməsi uğrunda mübarizədə iştirakıdır. Cəbhəçi gənc mübarizəyə qoşulduğuna və nəticədə həbsə düşdüyünə görə heç vaxt peşman olmadığını vurğulayıb: “Əksinə, mən fəxr edirəm ki, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı kimi dəyərli insanlarla eyni sıradayam”.

Hakimləri cəsarətli olmağa, ədalətli hökm çıxarmağa çağıran O.Baxışlı valideynləri də övladlarını mübarizədən çəkindirməməyə, əksinə, onlara dəstək olmağa çağırıb: “Sevgilim mənim qarşımda seçim qoydu. Ya onu seçməliydim, ya da mübarizəni davam etdirməliydim. Onu çox sevməyimə baxmayaraq, “mübarizəyə davam” dedim. Mən bu vətən uğrunda ölərəm”.

O.Baxışlı çıxışının sonunda bildirib ki, ölkədə hökm sürən şər rejiminin qısa müddətdə başa çatacağına əmindir.

Qısa müşavirədən sonra 6 illik hökm elan edilib.

O.Baxışlının valideynləri bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

AXCP Gənclər Komitəsinin Xətai şöbəsinin üzvü olan O.Baxışlı mayın 7-də həbs olunub. Cəbhəçi gənc ittihamı rədd edir, narkotikin ona məxsus olmadığını, saxlandıqdan sonra cibinə polislər tərəfindən atıldığını bildirir.

Yaxınları və üzvü olduğu AXCP O.Baxışlının həbsini xüsusən həbsindən dörd gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışla əlaqələndirir. Orada O.Baxışlı E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirdiyini, o üzdən qatillərin tapılıb cəzalandırılmadığını bildirmişdi.