Qarabaq olayı və Rusiya faktoru

Cəmil Həsənli

Son günlər Qarabağ ətrafında informasiya qarşıdurması hər gün gərginləşməkdədir. Əsəblər gərilib. Səfərlər və görüşlər intensivləşib. Hərbi ritorika güclənib. Ermənistanda və Azərbaycanda hərbi səfərbərliyə prezident uşaqlarının orduda xidmətə çağırılmasından başlanılıb.

Sərhədyanı dövlətlərə münasibətdə Putin doktrinası böyük sınaq qarşısındadır. Qərbin beynəlxalq gücləri onun qarşısını almağa cəhd göstərsələr də regionda bu doktrina hələ ki var gücü ilə işləyir.

Rusiyanın yanaşması belədir: geçmiş postsovet respublikaları (Pribaltika istisna olmaqla) Qərbə öz qapılarını açmamalıdır; sərhədyanı “dost” hökumətlər Rusiyanın imtiyazlı mövqeyini qəbul etməlidir; bu hakimiyyətlə hazırda ən gəlirli müamilə və ən təhlükəsiz korrupsiya hesab edilən silah ticarətini Rusiya ilə etməlidir. Xəzərin bölünməsi məsələsində Rusiya Yaxın Şərqə zəruri hesab etdiyi koridoru aldı.

Bu il Putinlə 3 dəfə görüşün “qürur” hissini yaşayan İlham Əliyev Rusiya prezidenti ilə 4-cü görüşün ərəfəsindədir. Qarşıdakı silah sərgisində Putinin iştirakı Azərbaycanla Rusiya arasında böyük həcmdə silah müqaviləsinin bağlanması ilə nəticələnə bilər. Ötən görüşdə İlham Əliyevin Rusiyadan 5 milyard həcmində silah və hərbi sursat alınmasını xüsusi nailiyyət kimi qeyd etməsi Azərbaycan hakimiyyətinin bu müamiləyə maraqla yanaşdığın əks etdirir. İndi Rusiyanı razı salmağın ən optimal yolu ondan dəyəri bir neçə milyard dollarla ölçülən silah almaq, daha doğrusu, almaq haqqında müqavilə bağlamaqdır və bu müamilə korrupsiya meylli olan hər iki rejimi təmin edir. İndi hesabatı verilən 5 milyard dollarlıq silah müamiləsinin müqaviləsi 2013-cü il seçkiləri ərəfəsində bağlanmışdı.

5 il sonra Bakıda təşkil edilən seçki (fövqəladə) sonrası silah sərgisi Rusiyadan növbəti böyük partiya silah almaq üçün bir “fürsətdir”. Əliyev, əlbəttə, bu fürsəti qaçırmayacaq. Çünki Qərbin seçki müşahidəsi missiyaları tərəfindən qeyri-legitim vəziyyətə salınmış İlham Əliyev ölkəyə silah lazım olsa da, olmasa da həmin silahın keyfiyyəti beynəlxalq standartlara cavab versə də, verməsə də bu xəracı ödəməyə məhkumdur.

Hadisələr intensiv xarakter alsa da, regionda müxtəlif ranqlı görüşlər keçirilsə də, arada informasiya savaşı və güc göstərisi yapılsa da hamı sentyabrın 25-ni gözləyir. Hər kəs yaxşı bilir ki, Vladimir Putin yalnız silah sərgisini seyr etmək və cüdo nömrəsi göstərmək üçün Bakıya gəlmir.

Son vaxtlar Nikol Paşınyanın narahatlığı da bununla bağlıdır. Ermənistanda inqilabi eyforiya arxada qalıb. Ermənistan və onun ətrafında sular durulduqca onun mövqeləri daha kövrəkləşir. Bir müddət əvvəl keçmiş prezident Robert Koçaryanın həbsi ilə o, postsovet məkanında eks-prezidentlərin rəsmi və qeyri-rəsmi toxunulmazlığı tabusunu qırdı və onu 2008-ci il hadisələrinə görə hakimiyyəti qəsb etməkdə günahlandırdı.

Koçaryanın Ermənistanda Rusiyanın əsas dayaqlarından, əsas fiqurlarından biri olduğunu nəzərə alsaq, bu, bir qədər qeyri-adi, kifayət qədər cəsarətli addım idi. Lakin Paşınyan Rusiyanın hədələri qarşısında davam gətirmədi və Koçaryanı azad etməklə xalqın ona verdiyi siyasi kreditin (dəstəyin) bir hissəsini itirdi.

Paşinyanın ikinci ciddi problemi yalnız iri biznesin deyil, orta biznes imkanlarının da Qarabağ klanının əlində toplanmasıdır. Hazırda o, bu dairələrlə hələ ki səssiz və pərdəarxası qarşıdurma vəziyyətindədir. İnqilabı edənlərin onu Rusiya tərəfindən himayə olunan regional işverənlərin mühasirəsindən qurtaracağına əminlik yoxdur.

Azərbaycan hakimiyyətinin bütün ritorikasına baxmayaraq, Paşinyan yaxşı başa düşür ki, onu təhdid edən vaxtilə Azərbaycan torpaqlarını işğal edib Dağlıq Qarabağın ətrafında “təhlükəsizlik zolağı” yaradan Rusiyadır.

Ermənilər anlayırlar ki, Azərbaycan hakimiyyətində təpər olsaydı bu 25 ildə ölkəyə gələn 138 milyard neft pulunun müqabilində heç olmasa 25 hektar torpağı azad edərdi. Amma edilməyib, əvəzində o torpaqları azad etməli olan Müdafiə Nazirliyinin büdcə vəsaitləri əyri, natəmiz yollarla Londondakı gizli ofşor hesablara göndərilib. Rusiya ilə silah müamiləsindən hökumət rəsmiləri “otqat” almaqla ölkənin müdafiə qabiliyyətinə ağır zərbə endirib.

Ermənistanın yeni hakimiyyətini narahat edən Azərbaycanın hərbi ritorikası deyil, Rusiyanın vurnuxmalarıdır. Lakin Paşinyan və onun yeni hakimiyyəti Ermənistanın 25 ildir işğal altında saxladığı torpaqları qaytarmamaq üçün müqavimət göstərir, erməni diasporuna müraciətlər ünvanlayır, müxtəlif qıcıqlandırıcı bəyanatlar verir. Paşınyan xoş məramının nümayişi kimi oğlunu cəbhə xəttinə hərbi xidmətə göndərir, onun xanımı az əvvəl Azərbaycanla və Türkiyə ilə münasibətlərin yumşaldılması istiqamətində açıqlama verib.

Lakin hələ ki Paşinyan və onun xanımının Qarabağ münaqişəsinin tənzimlənməsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində “sülhməramlı” addımları deklarativ məzmun kəsb edir və ritorik çağırışlardan uzağa getmir. Ermənistanda cərəyan edən hadisələr və Nikol Paşinyanın öz oğlunu Azərbaycan ərazisinə hərbi xidmətə göndərməsi xoş niyyətdən daha çox erməni gənclərini Dağlıq Qarabağda hərbi xidmət keçməyə təşviq etdiyindən onun “xoşməramlı” niyyətlərinin səmimiliyinə şübhə toxumu səpir.

Nikol Paşinyan Ermənistanda demokratik məzmunlu xalq inqilabının nəticəsində hakimiyyətə gəlib və erməni xalqının iradəsinin təmsilçisidir. Postsovet məkanında avtoritar rejimlərdən fərqli olaraq onun hələ kövrək olan hakimiyyəti xalqın iradəsinə dayanır. Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya siyasi fəaliyyəti dövründə Ermənistanda Avrointeqrasiyanın tərəfdarı kimi tanınır və Avropa məkanına, bu məkanla yanaşı Avropa dəyərlərinə inteqrasiya onun hakimiyyəti üçün prioritet məzmun kəsb etməli idi.

Avtoritar rejimlərdən fərqli olaraq o, vətəndaş cəmiyyətini dağıtmır, əksinə sivil toplum təmsilçiləri ilə sıx əməkdaşlıq şəraitində işləyir. Hətta uzun müddət Ermənistanın qeyri-hökumət təşkilatlarında təcrübə toplamış şəxslər artıq onun hökumətində təmsil olunurlar. Paşinyanın bu addımları onun islahatlara meylli olduğuna dəlalət edir. Lakin dəyərlər sistemi kimi demokratiya işğalçılıqla bir araya sığmır.

Rusiyanın birbaşa yardımı ilə “səhra komandirləri” Koçaryan və Sarkisyanın hərbi qənimət kimi ələ keçirdiyi torpaqların əldə saxlamağa cəhd etməsi Paşinyan demokratiyasının astar üzünü ortaya qoyur.

İndiki şəraitdə əgər Paşinyan demokratiyaya iddialıdırsa ön şərt qoymadan iki addım atmalıdır: Dağlıq Qarabağdan kənar 25 ildir işğal altında saxlanılan Azərbaycan rayonları geri qaytarılmalı və uzun müddət Ermənistanda saxlanılan azərbaycanlı girovlar və əsirlər azad edilməlidir. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etməkdə haqlı görünəcək, hətta Rusiyanın xeyir-duası ilə olsa belə. BMT qətnamələri bunu zəruri edir və yəqin ki, Azərbaycan Birləşmiş Millətlərin Baş Məclisinin qarşıdakı növbəti sessiyasına da müharibə ritorikası ilə gedəcək, ola bilsin ki, ən yüksək səviyyədə.