Seçiciləri pulla ələ almağa görə cəza artırılır

Sentyabrın 6-da Ermənistan parlamenti seçicilərə nağd pul verilməsi, yaxud digər şirnikləndirici təkliflərə görə cərimələrin artırılmasına səs verib.

İndiyədək seçki və referendumlar zamanı konkret bir namizədə, partiyaya, ya da proqrama səs verilməsindən ötrü bu yollara əl atılırdı.

101 yerlik milli assambleyada 66 deputat qanun layihəsinin lehinə səs verib. Layihə seçki rüşvətlərinin istənilən formasını cinayət sayır – bu, nağd pul vədi də ola bilər, xeyriyyəçilik adı altında pul, ərzaq, digər xidmətlər də.

Qanunvericiliyə dəyişikliklərə görə, pozuntuya yol verənlərə altı ilədək həbs cəzası kəsilə bilər.

Ədliyyə nazirinin müavini Artur Hovannisian layihəni parlamentə təqdim edərkən deputatlardan ona dəstək vermələrini istəyib.

“Vətəndaşların seçimlərini azad şəkildə etməsindən əmin olmalıyıq”, – o deyib.

Nazir müavininin sözlərinə görə, hazırda seçicilərin ələ alınmasına görə maksimum 2,5 milyon dramlıq (5 min 150 dollar) cərimə nəzərdə tutulub.

“Belə hərəkətlərin səslərin satın alınmasına bərabər olduğunu görürük. Artıq bu gündən səslərin satın alınması cinayət sayılır”, – o deyib.