Siyasi məhbus Məmməd İbrahimə qarşı təxribat törədilib

Məmməd İbrahim

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cərimə kamerasına (kars) salındığı bildirilir.

Bu haqda siyasətçinin oğlu Turan İbrahim məlumat verib.

Onun bildirməsinə görə, atasının “kars”a salınması barədə bu gün, sentyabrın 27-də məlumat əldə ediblər:

“Guya, onun yastığının altından bıçaq tapıblar. Buna görə, “kars”a salınıb”.

Turan İbrahimin sözlərinə görə, atasının cəzasının başa çatmasına cəmi 2 gün qalır. O, həftə sonu azadlığa buraxılmalıdır.

Hələlik, Penitensiar Xidmətdən Məmməd İbrahimin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Məmməd İbrahim yayda həbsxanada əməliyyat edilmişdi. Onun qlükoma xəstəliyindən əziyyət çəkdiyi deyilirdi.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.