Siyasi məhbusun oğluna atasını azad etməyi vəd ediblər

Məmməd İbrahim

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim sentyabrın 29-da azadlığa çıxacaq. Bu barədə onun oğlu Turan İbrahimə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Həsənov bildirib.

Məmməd İbrahim həbs cəzasını məhz bu cəzaçəkmə müəssisəsində çəkir, iki gün əvvəl burada o, karserə salınıb.

Oğlunun sözlərinə görə, İbrahim sentyabrın 27-də guya yastığının altından bıçaq tapıldığına görə karserə salınıb. Bu, onun azadlığa çıxmasından iki gün əvvəl baş verib.

İbrahimin yaxınları və AXCP üzvləri bu faktı ona qarşı yeni ittiham irəli sürmək və yeni maddə ilə mühakimə edərək, azadlığa buraxmamaq məqsədilə törədilmiş təxribat kimi qiymətləndiriblər.

Xatırladaq ki, Məmməd İbrahim 30 sentyabr 2015-ci il tarixində həbs edilib və sonradan CM-in 221.2.2 (xuliqanlıq, polisə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.