Con Toşak Futbol Federasiyası və Liqa Təşkilatının “Traxtur”a yaratdığı manelərə görə istefa verib

Xəbər verdiyimiz kimi, Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi Con Toşak, İran kuboku çərçivəsində keçirilən “Traxtur”-“Sənət Neft” görüşündə çalışdırdığı komanda məğlub olduqdan sonra Təbrizi tərk edib.

Onun “Traxtur”un məğlubiyyətindən sonra Təbrizi tərk etməsi çoxlu şayiələrə səbəb oldu. Kütləvi informasiya vasitələri baş məşqçinin klub məsulları tərəfindən vəzifəsindən uzaqlaşdırıldığını yazdılar. Lakin “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzinin açıqlaması və klub tərəfindən yayan bəyanat bütün şübhə və şayiələrə son qoydu. Məlum oldu ki, baş məşqçi İran rejiminin “Traxtur”a yaratdığı manelərdən dolayı istədiyi kimi fəaliyyət göstərə bilmədiyi üçün istefa verib.

Telefon vasitəsi ilə “90” proqramına qoşulan Məhəmmədrza Zenuzi bildirib ki, “Con Toşak artıq Təbrizə qayıtmayacaq. Lakin o vəzifəsindən kənarlaşdırılmayıb. Con Toşak ölkə futbolunda baş verən müəyyən hadisələrə görə istefa verib, o ötən gün Təbrizdən İstanbula, oradan isə öz ölkəsinə gedib.”

Klubun bu barədə yaydığı bəyanatda da uelsli mütəxəssisin istefa verdiyi məlum olub.

“Con Toşakın verdiyi vəd “Traxtur”un çempion olması ilə bağlı idi. Lakin Futbol Federasiyası və Liqa Təşkilatının bu klubla düzgün əməkdaşlıq etməməsi bir çox problemə yol açdı. Komandanın 3 oyunçusu vaxtından əvvəl ölkənin milli komandasına çağırıldı və oyuna yalnız 48 saat qalmış oyunçular komandanın ixtiyarına verildi. “Traxtur”un “Sənət Neft”lə görüşünün bir gün sonra keçirilməsinə dair təkliflə də razılaşılmadı. Con Toşak isə bütün bunları təyin edilmiş hədəfinə çatmaq üçün bir maneə kimi gördü. Ona görə də bu vəziyyətdə fəaliyyət göstərməyi özünə sığışdırmadı. Bütün bunlara görə, o tam səmimi şəkildə və dostcasına istefa verib və komandadan ayrıldı”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Qeyd edək ki, Güney Azərbaycanın bütün güclü idman komandaları, o cümlədən “Traxtur” İran rejiminin müxtəlif təzyiqləri altında fəaliyyət göstərir. Futbol Federasiyası İnzibati Komitəsinin müxtəlif qərarları, komanda tərəfdarlarına qarşı görülən tədbirlər və onların davamlı olaraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması, kluba qarşı edilən maliyyə təzyiqləri və s. “Traxtur” klubuna qarşı edilən təyiqlərdən bir neçəsidir. Xarici baş məşçinin rejimin “Traxtur”a qarşı yaratdığı manelərdən cana gələrək istefa verməsi artıq rejimin Azərbaycan idmanına qarşı təzyiqlərinin bariz sübutudur.