Yalçın İmanovun şikayəti təmin olunmadı

Sentyabrın 26-da Ali Məhkəmədə hüquqşünas Yalçın İmanovun şikayətinə baxılıb.

Vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayət etmişdi.

Novator.az-ın məlumatına görə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyanın hakimi Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə Yalçın İmanovun şikayəti təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları qüvvədə saxlanıb.

Yalçın İmanov özü prosesdə iştirak etməyib.

Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarıb. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı Yalçın İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.

Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Ancaq aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi Yalçın İmanovun şikayətini təmin etməyib.

Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində, yaxud Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmasını və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəmişdi.