Yasin Quliyev: “İlk uğurumuzu küçələri təmizləyən robotla qazandıq”

Motivasiya aldığım insan Elon Musk olub

-Azərbaycanın böyük qisminin sevimlisinə çevrilən Yasin Uğurla və robottexnika hazırlamağa qədər keçdiyiniz mərhələlərlə tanış ola bilərik?

-4 yaşımdan kompüterə olan marağım artıb. O zamandan bu günə kimi kompüter bilikləri ilə maraqlanıram. Amma proqramlaşdırma ilə məşğul olmağa isə 10 yaşımdan başlamışam. Yəni proqramlaşdırmanı kəşf etdim. Belə deyim də, kompüterdə proqramlaşdırma dilinin olduğunu bilmirdim və o zaman öyrəndim. İlk məktəbim “Ankara” liseyi olub. Orada proqramlaşdırma biliklərim var idi. Respulika üzrə informatika olimpiadalarına qatılmağa başladım. Beləliklə, yavaş-yavaş öyrəndim. Bunlarla yanaşı, əlavə kurslara da getdim. O dönəmdə proqramlaşdırma biliklərim formalaşdı. Daha sonra “İstək” liseyinə keçdim. Burada necə deyim, bütün imkanlar “Ankara” liseyi ilə müqayisədə çox fərqli  idi. “İstək” liseyində mən səhər 7 – də dərsə gəlirdim, axşam saat 9 – da evə dönürdüm. Hər gün belə keçirdi məktəbdə. Çünki orada hər şey var idi. Dərsdən sonra müəyyən mövzularla bağlı bizə dərs keçən müəllimlərimiz də var idi. Liseydəki müəllimlərimə çox minnətdaram. Məsələn elə robottexnika olsun. Bu şəkildə inkişaf etdirdim özümü. Onu da qeyd edim ki, yarışa komanda şəklində gedirdik, bu səhv anlaşılır, insanlar elə bilir ki, mən tək gedirdim. Xeyr, komanda şəklində hazırlaşırdıq və formalaşdıq.

-Onu da qeyd edim ki, 2002 – ci il təvəllüdündə olduğunuzu biləndə heryətlənmişdim. Fikrimcə, yaşınız daha az olmalı idi (gülür).

-Bəli, çox adam belə düşünür. Yaşımdan kiçik görünmək problem yaradır. Müəyyən mövzularda danışa  bilmirəm böyük insanlarla. Məsələn, seminarlara və ya təlimlərə gedərkən, orada məni görüb deyirlər ki, bu  7 – ci sinif şagirdidir. Deyirlər ki, sənin burada nə işin var?! Get fizika, kimya oxu (gülür). Yəni bu baxımdan problemlər yaranır. Eyni zamanda 2002 – ci il digər mövzularda da mənə problem yaradır. Ən azı facebook – da postlarım public olmur. Çünki 18 yaşdan yuxarı istifadəçilər public paylaşımlar edə bilərlər (gülür).

-Bildiyim qədərilə universitetə qəbul imtahanına hazırlıq müddəti başlayıb artıq. Belə çətin dönəmində nə idi sizi robot hazırlamağa vadar edən?

-10 – cu sinifdə bizdə “İstək”də universitetə qəbul imtahanları üçün SAT, İELTS dərsləri keçirilir. Yəni beynəlxalq bölümdə təhsil alıram mən. Düzü, ingilis dili biliyim də sentyabrda yaxşı deyildi, amma yavaş-yavaş düzəlirdi. O vaxt müəllimlər yarışlara yollamaq istəyirdilər məni. Mən də etiraz etdim, amma yenə də sonda göndərdilər. Yarışmalarda qalibiyyət əldə etdikdən sonra müəllimlər First Global yarışına dəvət etdilər. Onu da qeyd edim ki, bu yarışdan yer qazanmağım universitetə qəbulumda mənə çox kömək edəcəkdi. Yəni elə universitetlər var idi ki, oradan 1 – ci, 2 – ci, 3 – cü yerdən sertifikat görsələr, heç ingilis dili filan soruşmadan səni qəbul edirlər. Lakin gedə bilmədik.

-Komandanız neçə nəfərdən ibarət idi?

-6 nəfərdən ibarət idi. Kapitan da var idi, amma mən deyildim. Üzvləri bir araya toplamaq kimi işləri sevmirəm. Mənim komandada əsas işim robot üçün yeni proqramlar yaratmaq və komandamız üçün önəmli olan sponsor işini həll etmək idi. Nəticədə də alınmadığını deyəndə, komanda bölündü və mən də çıxdım komandadan. Çünki bizim hədəfimiz yarışmada Respubilkamızı ən azından ilk üçlüyə qaldırmaq idi.

Biz ruhdan düşdük. Hadisələrin gedişatı komandanı parçaladı, başqa uşaqlar gəlirdi, komanda zəifləyirdi. First Global – ın da öz seti var ki, orada işləmək üçün gərək bizim komandada olasan.

-Elə bu məsələlərlə bağlı son vaxtlar facebookda, ümumiyyətlə sosial aləmdə bir çox paylaşımlarda elə fikir formalaşdırılır ki, sanki siz Azərbaycandan küsmüsünüz, burada fəaliyyətinizə davam etmək istəmirsiniz. Sizin belə fikirlərə münasibətiniz necədir?

-Xeyr, elə bir şey yoxdur. Mən uğurlarımı Azərbaycanda qazanmışamsa, fəaliyyətlərimi Azərbaycanda da davam etdirəcəm. Yəni bu qədər uğur əldə etməyimin əsas səbəbi “İstək” liseyinin müəlliməri – Azərbaycan müəllimləri olub. Onlara burdan dərin təşəkkürlərimi bildirirəm. Azərbaycandakı uğurlarımı davam etdirməyə nail olacağımı da fikirləşirəm. Meksikadakı First Global yarışı da mənim üçün sonuncu yarış deyildi. Bundan sonrakı yarışlara da qatılacam, Azərbaycanı təmsil edəcəm.

Məlum hadisələrlə bağlı mənə və atamın telefonuna dünyanın bir çox ölkələrindən zənglər gəldi. Sağ olsun Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edən Azərbaycan gəncləri.Yeri gəlmişkən, Azərbaycan gəncliyinə dərin təşəkkürlərimi bildirirəm. Eyni zamanda, Baku Business Factory şirkətinə mənə dəstək olduqları üçün xüsusi təşəkkürümü bildirirəm.

-Bundan sonrakı hədəfləriniz nələrdir?

-Universitetdə təhsil alarkən Amerikada universitetə transfer olmaq və  daha sonra Facebook, Google kimi şirkətlərdə fəaliyət göstərmək istəyirəm.

-Hansı universitetdə təhsil almaq istəyirsiniz?

-İnşallah universiteti Türkiyədə oxumaq istəyirəm. Hələ o haqda tam dəqiq düşünməmişəm düzü. Amma böyük ehtimalla Türkiyə, az bir ehtimalla isə Koreyada təhsil almaq istəyirəm.

-Koreyaya olan marağınız necə yaranıb?

-Bizim şagirdlərin 5 – 6 – sı bu il Koreya universitetinə təhsil almağa getdi. Orada tanıdığım azərbaycanlı tələbələr də çoxdur. Eyni zamanda texnologiyanın əsas məkanlarından biri ora olduğu üçün Koreyaya üz tutmağı fikirləşirəm, amma tam da dəqiq bilmirəm hələ. Çünki yeməkləri filan bir az çətinlik yaradacaq (gülür).

-Layihənizin incəliklərindən danışa bilərsiniz?

-Süni intellektlə bağlı bir layihə hazırlamağı düşünürdük, sadəcə necə deyim, komanda dağıldığı üçün heç kim bir –birini tapa bilmir. Biz iki robot hazırlamışdıq. Birincisi, küçələrdə səkiləri təmizləyən robot idi. Onu biz süni intellektlə düzəltmək istəyirdik. Çünki küçədə çoxlu heyvan da ola bilər. Onu da götürə bilər, lazımlı nəyisə götürə bilər, dirəyə dəyə bilər. Yəni bunları düzəltmək istəyirdik ki, elə bir robot olsun ki, özü müəyyənləşdirsin hara getmək lazımdır. Məktəblərarası robot olimpiadasında qalibiyyətimiz onunla olub.

-Səhifələrimizdə Yasin Quliyev ilə müsahibəmiz olacağına dair paylaşım etdik və izləyicilərimizi maraqlandıran suallarla tanış olduq. Həmin suallardan biri də budur ki, fəaliyyətiniz müddətində nədən motivasiya almısınız?

-Bir neçə il bundan qabaq youtube-da bəzi qısa videolar çəkdim. Bunlardan misal olaraq, Hüseyn Cavid, Atatürk, Əsgərlərimizləyik adlı videoları göstərmək olar. Atatürklə bağlı video çəkliş bitdikdən sonra Anıtkabirdən Atatürk dərgisində mənə xüsusi yer ayrıldı. Yeri gəlmişkən Anıtkabir müze uzmanı çox hörmətli Sevim Bakır xanıma dərin təşəkkürümü bildirirəm. Bilirsiz gənc bir insana dəyər verdikdə insan ruhlanır, nəyisə yaratmaq gələcəkdə naliyyətlər qazanmaq istəyir. Eyni zamanda müxtəlif kitablar oxudum və proqramlaşdırma və kompüter sahəsini özümə daha yaxın bildim. Mənim ilham gücüm və motivasiyam bundan sonra başladı. Yəni hər bir şəxs istədiyi işi görsə, ondan motivasiya alacaq. Eyni zamanda insan qarşısına  məqsəd qoysa, daha yaxşı olacaq. Belə bir söz var, məqsəd qalibiyyətin yarısıdır.

-Öz sahənizdə ən çox kimdən ilham almısınız?

-Ən çox ilhm aldığım şəxs Elon Musk-dır. Kitabını da oxumuşam, çox maraqlıdır. Oxumaq istəyənlərə də tövsiyə edirəm. Əslində kiminsə həyat hekayəsini, nəyi necə etdiyini, məqsədinə necə çatdığına dair kitablar oxumağı çox sevirəm. Ən çox bəyəndiyim də elə Elon Muskdır. O da bir növ robot texnika sahəsində fəaliyyət göstərir. Mənim fəaliyyətimlə bir az üst – üstə düşür. Onda ən çox sevdiyim xüsusiyyət də öz məqsədini gördüyü işlərlə ifadə etməsidir.

-Gələcəkdə Elon Musk ilə tanış olmaq, birlikdə işləmək istəyərsiniz?

-Elə bir məqsədim var, amma bu tez bir zamanda olan bir şey deyil. Müəyyən bir uğur əldə etmək lazımdır. Universiteti bitirdikdən sonra bir layihə, startup yaradıb, bəlkə də elə o layihəni elə Elon Musk- a sataram (gülür).