Yenilik haqda kiçik bir esse

Elmir Mirzəyev

Elmir Mirzoev

Yenilik cəmiyyətdə, bəzi istisna hallardan başqa, demək olar ki, hər zaman təkpi, basqı və ədavətlə qarşılanır. Bu yalnız bizim cəmiyyətdə belə deyil.

XIX əsrdə yaşamış macar əsilli Ignaz Semmelweis (1818-1865) adlı bir həkimin acı həyat təcrübəsi bunu bizə deyir. Avstriyada anadan olmuş Ignaz Semmelweis Vyana Universitetini bitirdikdən sonra Vyana şəhər doğum evində həkim kimi işə düzəlir, 1846-50-ci illərdə burada çalışır, bu zaman ərzində oradakı hamilə qadınların doğum zamanı çox böyük bir ölüm faizi onu düşündürür.

O zamanlar asepsis haqda anlayış yoxmuş, həmin xəstəxanada həkimlər ölüxanada meyitəri yardıqdan sonra, heç əllərini yumadan belə hamilə qadınlara yaxınlaşır, baxış keçirir və doğuşu beləcə qəbul edirlərmiş. Bunun nəticəsini təsəvvür etmək yəqin o qədər də çətin olmaz. Xəstəxada ölüm sayı müstəsna yüksək həddə imiş.

Müşahidələri Semmelweis’a ona deyir ki, hamilə qadınlara baxış keçirməzdən öncə əlləri dezinfeksiya (xlorlu əhənglə) etmək lazımdır və 1847-ci ildə orada işləyən həkimləri buna məcbur edir. Nəticədə ölümlərin sayı və qadınların sepsis, yəni qan zəhərlənməs keçirməsi çox-çox azalır.

Lakin nəticəyə rəğmən xəstəxana rəhbərliyi və ümumən bütün həmkarları Semmelweis’ın bu açılışını qəbul etmir, həkimin özü isə əsassız olaraq tənqid, amma daha çox istehza və rişxənd obyektinə çevrilir.

Semmelweis təslim olmur, öz metodu haqda o dövrün aparıcı həkimlərinə yazır, öz hesabına müxtəlif konfranslar təşkil edir, elmi açılışı haqda kitab da (“Die Aetiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers”, 1861) dərc etdirir, amma bunun heç bir mənası olmur – həmkarları onun ideyalarını və metodunu qəbul etmək istəmir. Nəhayət həkimin inadını görən klinikanın direktoru Klein onu işdən qovur, həkimlər toplumunda isə onun dəli olması haqda söhbətlər yayılır. Sonda Semmelweis’ı dəli hesab edərək aldatma yolu ilə ruhi xəstəxanaya gətirir, bütün etirazlarına rəğmən onu dəli köynəyinə geyindirib burada yerləşdirirlər, bundan cəmi bir həftə sonra isə dahi həkim faciəli surətdə ölür.

Onun kəşf etdiyi aseptik metod yalnız ölümündən 10 il keçəndən sonra tanınır, bununla da bəşəriyyət təbabət tarixində müstəsna yeri olan aseptikanı əldə edir.

Bütün bu hadisələr isə o dövrün qabaqcıl ölkələrindən birində – Avstriya-Macarıstan imperiyasının paytaxtında baş vermişdi.

Odur ki, hansısa bir yeniliyin haman ziddinə olmayın.
Bizim ölkədə son 30 ildə əslində kifayət qədər çox dəyişikliklər baş verib. Elə bircə onu demək bəs olar ki, bizim gəncliyimizdə, 80-ci illərin ortalarında belə qadınların-qızların şalvar geyməsi zırpı bir tabu idi. 80-ci illərin ortalarında tədriclə buna başlayanda hətta bu mövzuda meyxana da çıxmışdı – “qız nədi, şalvar nədi”, halbuki indi bu artıq müzakirə mövzusu belə deyil.

XX əsrə kimi müsəlman toplumlarında texnikaya qarşı bir qorxu-ədavət-kin hissi vardı, dəmir yoluna “şeytan arabası” deyirdilər, Sabir də yazırdı ki, “avtomobil minməyiriz”. İndi isə Qərbdə bir maşını konstruktorlar quraşdırıb bitirməyə vaxt tapmırlar ki, ərəb şeyxləri onların başının üstünü kəsdirir (özlərinin bunu istehsal etmək heç ağıllarına da gəlmir – bu da başqa söhbətin mövzusudur) – yəni bu qədər dəyişilir hər şey.

Yenilik istənilən halda bir zaman qəbul ediləcək, amma onu daha tez qəbul edən toplumlar daha inkişaf etmiş olur və bəhrələnirlər. Yenilikçi olun və yeniliyi seçin.