Apellyasiya Məhkəməsi Fuad Əhmədlinin cəzasını yumşaltmayıb

Bakı Apellyasiya Məhkəməsi AXCP Gənclər Komitəsinin üzvü, həbsdə olan Fuad Əhmədlinin şikayətinə baxılması başa çatıb.

Şikayət birinci instansiya məhkəməsinin həbs müddətinin üçdə bir hissəsinin çəkilməsi ilə əlaqədar cəzanın yumşaldılmasından və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsindən imtina ilə bağlıdır. Lakin məhkəmə şikayəti təmin etməyib.

Prosesdə F.Əhmədlini dövlət vəkili müdafiə edib. Əvvəlki vəkil Əsabəli Mustafayev 1il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılıb.

İyulun 20-də Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının üçdə bir hissəsini çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

*Fuad Əhmədli 2016-ci ilin avqustunda “əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarının pozulması”, əsasən “Azerfon” mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.