Məhkəmə Müsavatçını həbsdə saxladı

0

Bakı Apelyasiya Məhkəməsi oktyabrın 30-da müsavatçı Azad Həsənovun birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri haqda qərardan şikayətə baxıb.

Bu barədə Meydan TV-yə məlumat verən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, gözlənildiyi kimi məhkəmə Azad Həsənovun haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Proses qapalı keçirilib. Azad Həsənovu dəstəkləyən müsavatçılar proses vaxtı Bakı Apellyasiya Məhkəməsinin binası önünə toplaşıblar.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Azad Həsənov oktyabrın 11-də mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Qeyd edək ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.