Cahangir Hacıyevin daşınmaz əmlakının satışından əldə edilən pul Azərbaycana qaytarıla bilər

Britaniya mətbuatı Azərbaycanda 15 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin əmlakı haqqında işi müzakirə etməyə davam edir.

Londonda iki fərdi ev və qolf klubunun bir hissəsi saxta şirkətlərin adına sənədləşdirilib və bankirin həyat yoldaşı Zamirə Hacıyeva tərəfindən idarə olunurdu.

Böyük Britaniyanın Milli Cinayətkarlığa qarşı Mübarizə Agentliyi (NCA) bu daşınmaz əmlakın müsadirə edilməsi xahişi ilə məhkəməyə müraciət etmək niyyətindədir, bu barədə NCA rəhbəri Donald Tun BBC-yə bildirib.

“İlkin olaraq əldə edilən vəsait Böyük Britaniyanın mülkiyyəti olacaq, onların sonrakı taleyi isə Britaniya hökuməti ilə pulun mənşə ölkəyə repatriasiyası mümkünlüyü haqqında müzakirə predmetidir”, deyə Tun bildirib.

Əmlak müsadirə edilibsə və hərracda satılıbsa, bu, keçmiş mülkiyyətçini təqsirkar etmir. Amma hakimiyyət mülkiyyət sahibinin onları aldatmağa çalışdğını hesab edərsə, cərimə və həbslə nəticələnə biləcək cinayət işi açıla bilər, deyə BBC icmalçısı qeyd edir.

Xatırladaq ki, Cahangir Hacıyev Londondakı mülkiyyəti offşor şirkətlərin adına sənədləşdirib. Məhkəmədə onun həyat yoldaşı bildirib ki, əri ümumi dəyəri 28 mln. dollar olan evləri və torpağı qazandığı pulla alıb, baxmayaraq ki, onun rəsmi əmək haqqı buna imkan vermir.

2015-ci ildə Hacıyev və onun tabeliyində olan daha bir neçə şəxs həbs edilib və Beynəlxalq Bankın vəsaitindən 200 mln. dollardan çoxunu mənimsəmək ittihamı ilə mühakimə edilib