Çin və Yaponiya iqtisadi sazişlər imzalayıb

Çin və Yaponiya cümə günü iqtisadi sazişlər imzalayaraq, iki ölkə arasında daha yaxın münasibətlərin qurulacağını bildiriblər.

Vaşinqtonla ticarət gərginliyinin yarandığı bir zaman iki ölkə arasında imzalanan sazişlər arasında 30 milyard dollarlıq valyuta mübadiləsi də daxil olmaqla müxtəlif növ razılıqlar var.

Şərqi Çin Dənizində yerləşən adalarla bağlı yaranmış mübahisələrdən sonra Çin və Yaponiya yeddi il ərzində rəsmi danışıqlar keçirməyib. Yeni iqtisadi sazişlərin imzalanması isə onilliklər ərzində iki ölkə arasında davam edən inamsızlığın aradan qaldırılmasında önəmli addım hesab edilir.

Yaponiyanın baş naziri Şinzo Abe bu görüşü və imzalanmış sazişləri “Tarixi dönüş nöqtəsi” adlandırıb. Çin Yaponiyanın iqtisadiyyatı üçün çox önəmlidir. Lakin bu görüşü kölgəyə salan vacib bir məqam var. Tokionun ən yaxın təhlükəsizlik müttəfiqi olan Birləşmiş Ştatlar Çinlə ticarət müharibəsindədir.

Yaponiyanın Toyota kimi nəhəng şirkətləri uzun zamandır ki, iki Asiya ölkəsi arasında daha yaxşı münasibətlərin yaranmasını görmək istəyirdilər. Beləliklə, yeni saziş nəticəsində Yaponiya şirkətləri dünyanın ən böyük avtomobil bazarında asanlıqla çalışa və satışlarını artıra biləcəklər.

Abe, eyni zamanda, hər iki ölkənin Şimali Koreya məsələsində birlikdə çalışmasını istəyir. Çin isə öz növbəsində Tokionun iddialı “Kəmər və Yol Təşəbbüsü”-nə (21-ci əsrin İpək Yolu) dəstək göstərməsini istəyir. Bu təşəbbüslə bağlı səslənən ən böyük tənqid, iqtisadiyyatı zəif olan ölkələrin iqtisadi cəhətdən dayanıqlı olmayan layihələrə qoşularaq, nəhəng borca salana biləcəyidir.

Yaponiya və Çin normal diplomatik münasibətləri 70-ci illərdə bərpa ediblər. İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Çinin bir hissəsini işğal etməsindən sonra iki ölkə arasında münasibətlər gərgin olub.