Ermənistan parlamentinin qarşısında aksiya keçirilir

0

Aksiyaçılar deputatların binanı tərk etməsinə imkan vermirlər

Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Aksiyaçılar ölkə Baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.

Ermənistanın “News.az” saytının məlumatına görə, etirazçılar parlamentə girişi bağlayıblar, deputatlar binanı tərk edə bilmirlər.

Ermənistan Respublikaçı Partiyası, Çiçəklənən Ermənistan və Erməni İnqilabçı Federasiyasının müzakirəyə çıxardığı qanun layihəsi parlamentin ölkə Baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.

Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentin xüsusi sessiyasının dayandırılmasını istəyib.

Paşinyan deputatlardan iclasın boykot edilməsini istəyib və bu qanun layihəsinin lehinə səs verən şəxslərin “əks-inqilabçı” olduğunu söyləyib.

O, deputatlarla danışmaq üçün parlament binasına gəlib.

Siyasi şərhçi Şahin Cəfərli Ermənistanda baş verən hadisələrə öz “Facebook” səhifəsində şərh verib:

“Xalq bu dəqiqələrdə Paşinyanın çağırışı ilə parlamentin giriş və çıxışlarını bağlayıb və deputatları bayıra buraxmır. Səbəb nədir? Bu gün parlamentin növbədənkənar iclası keçirilib və 3 fraksiya – Serj Sarkisyanın Respublika Partiyası, Qagik Tsarukyanın bloku və daşnaklar reqlament haqqında qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil ediblər. Əvvəlki prosedur imkan verirdi ki, xalq Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin toplaşıb yeni hökumət başçısı seçməsini əngəlləsin və beləliklə, parlament avtomatik buraxılsın. Yeni dəyişiklik bu yolu bağlayır və sədrə səlahiyyət verir ki, kənar təzyiq olacağı halda, parlamentin buraxılmasına aparan proseduru dayandırsın.

İrəvan bələdiyyəsinə son seçkilər göstərdi ki, tez bir müddətdə keçiriləcək parlament seçkiləri respublikaçıların və onun arxasındakı Qarabağ klanının siyasi səhnədən tamamilə silinməsi, daşnakların marginallaşması ilə nəticələnəcək. Tsarukyan isə görür ki, bu proseslərin gedişində sərvətini və siyasi təsirini itirməsi realdır. Bir sözlə, erkən seçkinin tezliklə baş tutması və başlanmış cinayət təqiblərinin öz məntiqi sonluğuna çatması hazırkı sistem partiyalarının, onların əsaslandığı oliqarxik-mafioz düzənin sonu olacaq. Bu səbəblə, adı çəkilən üç siyasi qüvvə bir araya gələrək prosesi dayandırmaq üçün hərəkətə keçib. Bu qüvvələrin Rusiyaya yaxınlığı sirr deyil.

Paşinyanın əlindəki yeganə resurs isə yenə də xalqdır. Hazırda İrəvanda baş verənləri inqilabın ikinci mərhələsi də adlandırmaq olar. Əgər küçənin təzyiqi ilə parlament bugünkü qərarından geri dönsə və əvvəlki prosedur üzrə özünü buraxmağa məcbur edilsə, nəzərlər Moskvaya yönələcək. Ola bilər ki, Moskva hadisələrin bu cür inkişafı ilə razılaşmasın və baş verənləri qeyri-konstitusion elan etsin. Bu halda Ermənistanda siyasi böhran daha da dərinləşəcək və ölkədə xaos yaranacaq. Lakin Moskvanın yenə hadisələri səbrlə izləməsi və öz müttəfiqinin xaosa yuvarlanmasına səbəb olacaq addımlardan çəkinməsi mənə daha ağlabatan gorünür”.