Gənc fəaldan üç gündür xəbər yoxdur

Ceyhun Nəbi

Bu gün üç gündür ki, “Cümhuriyyət Siyasi Düşüncə” Mərkəzinin sədri, gənc yazar Ceyhun Nəbidən xəbər yoxdur. O, oktyabın 23-də Şəmkirdə saxlanılıb. Belə ki, üç ay Rusiyada qaldıqdan sonra Şəmkirə gəlib.

Fəalın atası Sərdar Nəbiyev Abzas.net-ə bildirib ki, bu gün C.Nəbinin saxlandığını ehtimal etdikləri DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və Nərimanov, Nəsimi rayon məhkəmələrinə gedib. Lakin orada hər hansı informasiya verilməyib.

Doğmaları DİN-in “102” qaynar xəttinə də müraciət ediblər, ancaq cavab almayıblar. Onlar vəkil tutmaq qərarına gəliblər, həmçinin ombudsmana və Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.
Bu gün həmçinin Ombudsman aparatına son olaraq müraciət edilib, indi onlardan cavab gözlənilir.

Ceyhun Nəbi 3 ay Rusiyada qaldıqdan sonra oktyabrın 23-də yaşadığı Şəmkir rayonunun Çinarlı qəsəbəsinə qayıdıb. Bir neçə saatdan sonra dostları ilə görüşmək üçün evdən çıxıb. Sonradan dostları bildiriblər ki, C.Nəbini saxlayıblar.

C.Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən “Sovetlərlə üz-üzə” kitabının müəllifidir. Həmçinin Facebook-da Azərbaycan hakimiyyətini kəskin tənqid edir.