Həbsdəki cəbhəçi prokurorluğu məhkəməyə verib

AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verib. Bu barədə AzadlıqRadiosu-na cəbhəçi gəncin ailə üzvləri məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, səbəb R.Nəsirli mayın 26-da həbs olunandan bəri onun ailə üzvlərilə telefon danışığına və görüşməyinə qadağa qoyulmasıdır.

“Təxminən üç ay biz deyirdik qadağa var, onlar təkzib edirdilər. Təcridxana rəhbərliyi rəsmi cavab verirdi ki, “biz heç bir qadağa qoymamışıq”. Prokurorluq da öz üzərinə götürmürdü. Nəhayət, avqustun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində rəsmi qərar çıxarılıb. Orada yazılıb ki, istintaq zərurətiylə əlaqədar prokurorluğun qərarıyla Ruslan Nəsirli və o iş üzrə həbs olunan digərlərinin telefon danışığı, görüş hüququ məhdudlaşdırılıb”, – R.Nəsirlinin yaxınları bildirib.

Prokurorluğun qərarının qanunsuz sayılaraq ləğv olunmasını istəyən R.Nəsirlinin şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.