Hakimiyyət sovet dövrünün ənənəsini davam etdirir

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Məclis sədri Nüşabə Sadıqlı iclasın gündəliyini elan edəndən sonra partiyanın başqanı Arif Hacılı Müsavat Partiyasının 9-cu qurultayına hazırlıq və ölkədəki ictimai-siyasi vəziyyət barədə məruzə edib.

Arif Hacılı Müsavat Partiyası Şirvan Şəhər təşkilatının sədri, şərlənərək həbs olunan siyasi məhbus Əlikram Xurşudovun məhkəmə prosesinin nəticəsi olaraq həbsdə saxlanılmasından, həbsxanada ona olunan təzyiqlər barədə danışdı.

Arif Hacılı hakimiyyətin siyasi motivlərlə həbs olunmuş bütün məhbuslara hökumətin münasibəti barədə danışarkən  bildirib, “Hökümət sovet dövrünün ənənəsini davam etdirir. Mustafa Cəmiloğlunun həbs müddəti bitməsinə bir neçə gün qalmış admnistrasiyanın təşkil etdiyi təxribat yolu ilə yenidən cinayət məsuliyyətinə cəlb olunmuşdu. Mustafa Cəmiloğlu bundan sonra daha bir-neçə il həbsdə qalıb. Tarixdən bildiyimiz dəhşətlər indi başımıza gəlir. Məmməd İbrahim oxşar üsulla həbsdə saxlanılır.

Jurnalist Aytac Əhmədovaya qarşı polisin törətdiyi əməl qanun pozuntusudur, buna görə ölçü götürülməlidir. Bu təkcə bir jurnalistə qarşı deyil, ümumilikdə mətbuata qarşı olan təzyiqin bir hissəsidir. Hökümət təkcə jurnalistlərə təzyiq etməklə kifayətlənmir, müstəqil medianı sıradan çıxarmağa çalışır. Müsavat Partiyasına media dəstəyi verən “Basta” saytının faktiki olaraq ölkədən girişi məhkəmə qərarı olmadan bloklandı. Saytın əmlakı müsadirə olundu. Saytın baş redaktoru və əməkdaşları cinayət məsuliyyətinə cəlb olundu, saatlarla prokurorluqda dindirildi. Biz Müsavat Partiyası olaraq hakimiyyətin bu və buna bənzər bütün əməllərini pisləyirik.”, -Arif Hacılı bildirdi.

Qarabağla bağlı danışan Arif Hacılı Azərbaycan hakimiyyətinin Qarabağ probleminin həllində hər-hansı təşəbbüsünün olmadığını, əgər Qarabağla bağlı hər-hansı bir hərəkərlənmə olarsa hökümətin bunun da qarşısını alacağını bildirdi.

“Müsavat Partiyası ümumiyyətlə Azərbaycanda baş verən bütün problemlərin həllində məsuliyyət daşıyır. Əgər ölkədə istənilən yolla siyasi dəyişiklik olarsa sonda mütləq seçki keçiriləcək və Müsavat Partiyası bu seçkilərdə qalib olacaq. Biz Azərbaycanın maraqlarının olduğu hər yerdə varıq. Hakimiyyətin ölkə daxilində və xaricdə olan qüvvələri antimüsavat təbliğatı aparır. İlham Əliyev hər dəfə müxalifəti “AXC-Müsavat cütlüyü” adlandırır. Əslində o yaxşı bilir ki, belə bir birlik yoxdu. Bu termini işlədərkən o təhlükənin hardan gələ biləcəyinə işarə vurur. Bilir ki, məhz bu qüvvələr hakimiyyət dəyişikliyinə nail ola bilər.”, -Arif Hacılı əlavə etdi.

Müsavat başqanı Arif Hacılı Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış fəxri fərmanları bir neçə müsavatçıya təqdim etdi. Fəxri fərmana layiq görülmüş professor Almaz Əliqızı bildirdi ki, “Bu mükafatdan dəyərli mükafat ola bilməz. Çünki bu fəxri fərman Şərqdə ilk dəfə qurulmuş Cümhuriyyətin şərəfinə hazırlanlb.”

Müsavat başqanın məruzəsindən sonra partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumatını Məclis üzvülərinin diqqətinə çatdırdı.

Müsavat Divanın üzvü, MSDM sədri İsa Qəmbər Müsavat Partiyasının “Cümhuriyyət -100” çərçivəsində silsilə tədbirlərinin əhəmiyyətindən danışarkən Müsavatdan kənar Azərbaycan hökümətinin gələcəyinin olmadığını bildirdi.

“Zaman-zaman müxtəlif partiyalar, siyasətçilər Müsavat partiyasının, Məhəmməd Əmin Rəsulzadənin işlətdiyi şüarları öz şüarları kimi səsləndirib, indi də Müsavat Partiyasına aid olan, Arif Hacılının irəli sürdüyü, “Bu vətən bizimdir!” şüarı hər kəsin dilindədir. Hətta Qarabağ mitinqidə də, Qarabağ-Arsenal oyununda da səsləndirildi. Təbii bunu görmək çox xoş idi.”, -İsa Qəmbər əlavə etdi.

Daha sonra Divan üzvü Osman Kazımov, Tofiq Yaqublu, Məclis üzvləri Valeh Hümmətoğlu, Rəşid Vəliyev, Etibar Əkbərli, MNTK üzvü Çingiz Əli çıxış edərək ölkədəki ictimai-siyasi vəziyyət barədə danışaraq, mübarizənin miqyasını daha genişləndirməyin zəruri olduğunu vurğuladılar.