İstanbulda Azərbaycan mənşəli rəssamın xatirə lövhəsi asılıb

0

İstanbulun Beyoğlu rayonunun İstiklal prospektinə çıxan Postacılar küçəsinin girişində XX əsr Türk rəsm sənətinin böyük ustası, Azərbaycan mənşəli sənətkar İbrahim Safinin xatirə lövhəsi açılıb.

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və ARDNŞ-in Türkiyə nümayəndəliyinin sponsorluğu ilə xatirə lövhəsi Beyoğlu bələdiyyəsi tərəfindən hazırlatdırılıb.

Baş konsulluğun 2017-ci ilin martından etibarən Beyoğlu bələdiyyəsi ilə apardığı ardıcıl danışıqlar nəticəsində Bələdiyyə məclisi Azərbaycan mənşəli rəssam İbrahim Safinin 1950-1983-cü illərdə yaşadığı 15 nömrəli evin yerləşdiyi Postacılar küçəsinin girişinə böyük sənətkarın xatirə lövhəsini asmağı qərarlaşdırıb.Xatirə lövhəsi Postacılar küçəsinin girişinə sentyabrın 5-də asılıb.Yaxın günlərdə xatirə lövhəsinin qabağında açılış mərasiminin keçirilməsi nəzərdə tutulub

Lövhənin asılması münasibətiylə Turan agentliyinə açıqlama verən İbrahim Safinin yaxın dostu və ümumi katibi, 92 yaşlı kolleksiyaçı Naci Terzi deyib :”Müasir Türk rəsm sənəti bir çox spesifik xüsusiyyətini İbrahim Safiyə borcludur.Belə ki, Türk rəsm sənətinə “dərinlik” və “rəng” məfhumlarını məhz İbrahim Safi gətirib.Çox möhtərəm insan idi.Nə vaxt getsəm, tablo çəkdiyini görürdüm.Həyatı boyunca 15 mindən çox əsər yaradıb.Doğulub-böyüdüyü torpaqların həsrəti ilə bu dünyadan getdi.Ən böyük arzum- Azərbaycanda da xatirəsinin əbədiləşdirilməsidir”

XX əsr Türk rəsm sənətinin ən böyük nümayəndələrindən biri olan İbrahim Safinin əsl adı Rəhman Səfiyevdir.O, 1898-ci ildə İrəvan quberniyasının Şərur bölgəsində anadan olub.1813-cü ildə İrəvan gimnaziyasında rəsm təhsili alıb.1898-ci ildə Naxçıvan bölgəsindəki Türk ordusunun yardımı ilə İstanbula gəlib.1920-ci illərin əvvəllərində Rəssamlıq Akademiyasında o dövrün tanınmış rəssamı İbrahim Çallının emalatxanasında dərs alıb.1925-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün naturadan portretini çəkib.1930-cu illərdə Türkiyənin rəsm bazarında tanınmağa başlayan İbrahim Safi 1942-ci ildə ərizə verərək könüllü əsgərliyə gedib.1953-cü ildə yunan mənşəli Zaxora adlı qadınla evlənən İbrahim Safi 1960-cı illərdən başlayaraq dəfələrlə Afinaya gedərək orada rəsm əsərləri yaradıb.Safinin Avropa rəsm bazarında tanınmağa başlaması da o illərə təsadüf edir.1960-cı illərin axırlarında Türk rəsm sənətinin ən mühüm simalarından biri halına gələn İbrahim Safinin tablolarına rəsm bazarında böyük tələbat yaranıb.İbrahim Safi 100-cü fərdi sərgisini 1983-cü il mayın əvvəlində İstanbulda açıb.Sərginin açılışından sonra vəziyyəti pisləşən İbrahim Safi, İstanbulun Nişantaşı səmtindəki xəstəxanaya yerləşdirilib.Səhhəti yaxşılaşmayan Safi 5 may 1983-cü ildə 85 yaşında vəfat edib.Öz övladı olmayan Safidən qalan tabloların mühüm qismini xanımı Zaxaro Yunanıstana aparıb.Roche dərman firması 1990-cı ildə İbrahim Safinin tablolarının fotolarından ibarət iri həcmli kitab çap edib.