Məmməd İbrahimi şərləyənlər ondan üzr istəyib

“Bağışla, utanırıq, ancaq məcburuq, sifariş “yuxarı”dan gəlib”

AXCP Rəyasət Heyətinin üzvü, həbsdən çıxmasına iki gün qalmış yatağında bıçaq gizlətmək ittihamıyla haqqında yeni cinayət işi başlanan Məmməd İbrahim bu gün vəkili ilə görüşüb. O, eyni zamanda ailə üzvlərinə zəng edib. Bu barədə də oğlu Turan İbrahim FB səhifəsində xəbər yayıb.

Turan İbrahim yazır ki, atası həbsinin uzadılmasına səbəb olan bıçağın ona heç bir aiddiyyəti olmadığını deyib: “Deyir, namazdan çıxıb yeməyə gedəndə çağırdılar, getdim. Dedilər ki, axtarış aparılır. Qoyduqları bıçağı çıxartdılar. O bıçağın mənə aidiyyəti yoxdur”.

T.İbrahimin sözlərinə görə, telefon danışığı zamanı atası deyib ki, onun həbsdən çıxmasının qarşısını almaq üçün hazırlanmış təxribatın sifarişi cəzaçəkmə müəssisəsindəkilərdən gəlməyib: “Deyir, türmə səviyyəsində deyil məsələ. Bıçağı çıxaranda deyiblər ki, bağışla, utanırıq, amma məcburuq, sifariş “yuxarı”dan gəlib”.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış ona Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi açılıb. Haqqında yenidən iki aylıq həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı İstintaq Təcridxanasında saxlanılır.

Onu etmədiyi cinayətə görə Cinayət Məcəlləsinin 317-1.2 maddəsi ilə 6 aya qədər həbs cəzası gözləyir.