“Neftçi” “Qarabağ”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son oyununda “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib.

“Report” xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib – 3:1.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmaya meydan sahibləri sürətli hücumlarla başlayıb. Flaqman bunun nəticəsi kimi 10-cu dəqiqədə hesabı açıb. Dario Frederikonun ötürməsindən sonra top “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynova dəyərək, tora daxil olub. 26-cı dəqiqədə isə Mirabdulla Abbasov hesabı 2:0-a çatdırıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə “Qarabağ” məğlubiyyətdən qurtulmaq üçün irəli atılıb. 85-ci dəqiqədə Mahir Mədətov fərqi azalda bilib. Lakin 88-ci dəqiqədə “Neftçi”nin hücumçusu Baqali Dabo fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra “Neftçi” xallarının sayını 22-yə çatdırıb və liderliyini möhkəmlədib. Bir oyun az keçirən “Qarabağ” isə 16 xalla 2-ci yerdə qərarlaşıb.

Turun əvvəlki görüşlərində “Sabah” “Zirə”ni, “Səbail” “Keşlə”ni 2:1 hesabı ilə yenib. “Sumqayıt” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.