Nemət Pənahlı Nəsimi polisində saxlanılır

Nemət Pənahlı

İnzibati qaydada həbs edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Nəsimi rayon Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir.

Bunu AzadlıqRadiosuna Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirib.

Amma onun dediyinə görə, ailə üzvlərindən heç kim indiyə kimi Nemət Pənahlı ilə görüşə bilməyib. Yalnız bu gün, oktyabrın 15-də vəkilləri onunla söhbət edə bilib.

“Nemət Pənahlını evin qabağında yaxınlaşıb 5-6 nəfər tutublar, polisə aparıblar. Orda isə o polisə müqavimətdə günahlandırılıb. Nemət heç bir pozuntuya yol vermədiyini bildirib və durumunun yaxşı olduğunu söyləyib”, deyən həyat yoldaşının sözlərinə görə, Nemət Pənahlı barəsində çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.

Həcər Pənahlı iddia edib ki, həyat yoldaşını əslində tamam başqa səbəbdən həbs ediblər:

“Özü bildirib ki, onu tənqidlərinə görə və noyabrda mitinq keçirmək qərarlarına görə həbs ediblər. Noyabrın 17-də Milli Azadlıq Hərəkatının ildönümü ilə bağlı mitinq keçirmək istəyirdilər. Deyib ki, həmin məsələyə görə tutublar”.

Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlıya 30 gün inzibati həbs cəzası verib.

Ailəsinin yaydığı məlumata görə, polislər onu evinin yaxınlığında həbs edib aparıblar. Daha sonra Nemət Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə – polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilib.

Həcər Pənahlının bu açıqlamasına, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib edilmir.