Payız etüdü

(kiçik hekayə)

Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa, yapışmağa çalışıram.

Vaqon dərin bir nəfəs alaraq, fısıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakılarınsa içəriyə təpilməsi eyni anda baş verir. Basa-basa sinə gərib, özümü güc-bəla ilə bayıra tullayıram.

Perron izdihamı hamını fırtınaya düşmüş dəniz kanoesi kimi udur. İstəyib-istəməməyimdən asılı olmayaraq axın burulğanı məni eskalatora tərəf sürüyür.

Eskalator aramla məni yuxarı dartır. Aşağı istiqamətdə paralel düşən insanları bir-bir gözdən keçirirəm. İslanmış adamlar saçlarını çırpır, üst-başlarını qaydaya salır, çətirlərini yığırlar. Bu payız soyuqlar erkən gəldi.

Qəfləti bir ardıcıllıqla danışan diktorun rəsmi, quru səsi başıma düşür: “Qocalara, uşaqlı qadınlara yer verin, metroda şübhəli şəxslər gördükdə…”

Eh, o qədər şübhəli şəxs görürəm ki!?

Yeniyetmə vaxtı detektiv əsərlərə hədsiz aludəçiliyim var idi: Şerlok Holms, Erkül (onu zarafatla Ərgül adlandırırdım) Puaro, Miss Marpl…

Oxuduğum əsərlərin dərin təəssüratına qapılıb, xəfiyyələrin deduktiv yanaşma prinsipini tətbiq edərək, mübhəm cinayətləri, insanlar arasında gizlənən hiyləgər qatili ifşa etməyə çalışar, ayaqqabı üzərindəki palçıq ləkəsindən, pencəyin üzərinə düşmüş lələkdən, eynəyin formasından, papağın görünüşündən onun kimliyini təyin edərdim.

Bəzən küçədə mənə şübhəli görünən birisini qarabaqara izləyər, təxəyyülümdə onun kimisə qarət etməyə getdiyini, hansısa bankı soymağa yollandığını zənn edərdim.

Bayırda narın payız yağışı üzərimə ələnir. Düçüncələrim üzərinə ağac budağı düşən sərçə sürüsütək dağılıb gedir. Bir-birinin üzərinə qalaqlanaraq köpəşimiş yağmur buludları küləyin təsiri ilə tənbəlcəsinə yırğalanırlar. Addımlarımı yavaşıdıb, qollarımı açaraq, ən sevdiyim fəslin nəm havasını qarşısıalınmaz ləzzətlə ciyərlərimə çəkirəm. Rütubətli soyuqdan büzüşən, yağışdan islanan və gizlənən adamlar yanımdan sürətlə ötərək təəcüblə üzümə baxırlar….

Vüsal Bağırlı