Saakaşvili faktoru – Xaliq Bahadır

0

Xaliq Bahadır

Saakaşvili qayıtdı. Bunu indidən böyük inamla söyləmək olar. Gürcüstan baş seçki qurumunun son açıqlamasına görə, hakimiyətin adamının Saakaşvilinin adamından vur-tut bir faiz üstünlüyü var. Bu üstünlük 10-15 faiz olsaydı belə, ikinci turda Saakaşvili partiyasının uduşu quşqusuz olacaqdı-müxalifətin birləşməsi baxımından. Gürcüstan müxalifətinin ikinci turda birləşib böyük gücə çevriləcəyi də quşqusuzdur. Nədən?

İvanişvili-Merabişvili hakimiyəti gürcülərin istəklərini doğrultmadı. Gürcülər Saakaşvilidən sonrakı hakimiyətlə demokratiya yolunda daha da irəliyə gedəcəklərini düşünürdülər, ancaq, bu hakimiyyət Gürcüstanı bir çox baxımlardan gerilətdi: demokratiya-qanunçuluq gerilədi, ölkədə yenidən rüşvət almalarla bağlı söz-söhbət yayılmağa başladı. Saakaşvilinin doğru-düzgünlüyə öyrətdiyi gürcülər keçmişdən biryolluq üz döndərməklə yalnız üzü Avropaya – Avropa dəyərlərinə uyğun gələcəyə getmək istəyirdilər. Mən bunu Gürcüstanın bu başından o başına kişilərlə, qadınlarla etdiyim çoxsaylı söhbətlərdə də görürdüm.

Saakaşvili on illik prezidentliyi dönəmində gecə-gündüz çalışma, yorulmaq bilməyən gərgin çarpışma yoluyla gürcü xalqının üzünü biryolluq gələcəyə çevirmişdi. Saakaşvili eləcə də Gürcüstanda yaşayan başqa xalqlara demokratiya yolçuluğu yoluxdura bilmişdi. İndiyədək Gürcüstanın ən passiv toplumlarından olan Azərbaycan türkləri buna görə indiki seçkidə böyük aktivlik göstərərək Saakaşvilinin dönüşünə yol açanlardan oldular.

2012-ci ildə on gün Borjomidə olduq. Orada müxalifətçilərin yığışdığı bir bağ vardı. O bağa tez-tez gedib müxalifətçilərlə söhbət edirdim. Onlar bir il sonra keçiriləcək prezident seçkisində Saakaşvili hakimiyətinə son qoyacaqlarını bildirirdilər. Niyəsini soruşurdum. Hamılıqla Saakaşvilinin ölkəyə demokratiya, qanunçuluq gətirdiyini, ancaq pis yaşadıqlarını deyirdilər. Onlara Gürcüstanın doğal resurslar baxımından yoxsul olduğunu, bu üzdən də Saakaşvilinin suçlu olmadığını, ölkənin demokratiya, qanunçuluq yoluyla gəlişəcəyini, böyük turizm potensialına uyğun olaraq, geniş turizm infrastrukturunun qurulmasıyla varlanacağını çox desəm də, onlar öz dediklərində dururdular: Saakaşvili getməlidir!

O çağlar ortada xalqı “yoldan çıxaran” önəmli bir faktor vardı: Saakaşvilinin yaratdığı geniş demokratiya olanağı. Arxasında böyük pulların dayandığı Bdzina İvanişvili özünün “Gürcü istəyi” ilə bütün informasiya resurslarından aşırı yararlanır, hakimiyətə gələrsə, az bir arada ELDORADO – olduqca varlı bir ölkə yaradacağı ilə bağlı durmadan beyinlərə ideyalar ötürürdü – özü də Saakaşvilini, Saakaşvili hökumətini eninə-uzununa ələşdirməklə.

Rusiyaya bağlı olduğu deyilən İvanişvili partiyası Gürcüstanı Rusiyaya yaxınlaşdıra bilməsə də, yuxarıda deyildiyi kimi, demokratiya, qanunçuluq baxımından ölkəni gerilətdi. Gürcüstandakı (Tiflisdəki) Azərbaycan müxalifət ocağının əliyevçi rejimin sifarişilə dağıdılması, Azərbaycandan olan jurnalist Əfqan Muxtarlının terror-pirat metodlarına uyğun biçimdə tutulub Bakıya gətirilməsi, “Lanset” klinikasının yiyəsi, ünlü doktor Fərman Ceyranlının, yenə əliyevçi rejimin sifarişi ilə qondarma suçlamalarla tutuqlanması kimi antidemokratiya faktları gürcü toplumunda, başlıcası da, sovet dönəmində də ayrıca aktivliyi, proqressivliyi ilə seçilən gürcü intelligensiyasında acıq doğurmaqla ideyaca İvanişvili-Merabişvili hakimiyətinin sonunu gətirmiş oldu. Gürcü xalqı Saakaşvilinin yönəltdiyi demokratiya, qanunçuluq yolundan dönmək istəmədi. Bu isə haralarda olmasından asılı olmayaraq Saakaşvilinin böyük lider uğuru idi. İndilikdə Saakaşvilini Gürcüstana qaytaran, qayıtmasını qaçılmaz edən onun DÜZGÜN YÖNƏTİM STRATEGİYASI, üstün liderliyidir!

Xaliq Bahadır

Saakaşvili partiyasının qayıdışı Əliyevlərin demokratiya bataqlığına batırdıqları Azərbaycanda bu gün böyük sevinc doğurmaqdadır. Bunu gündəlik Feysbuk yazılarından açıq görmək olur. Yurddaşlarımız Gürcüstanda demokratiyanın, qanunçuluğun dərinləşməyinin sonucda Azərbaycana da yararlı olacağını düşünürlər. Məncə, bu, düzgün yanaşmadır. Ancaq, başqa yanaşmalar da var. Qısaca desək, Saakaşvilinin qayıdışını alqışlayanlar da var, onun qayıdışına qarşı çıxanlar da. Alqışayanları qısaca dedik: mən özüm başda olmaqla onlar Gürcüstanda dərinləşən demokratiyanın, qanunçuluğun Azərbasycana etkisiz qalmayacağını düşünürlər. Sözsüz, bunun necə olacağını gələcək göstərəcək. İkincilər nə deyirlər? Saakaşvilinin qayıdışından Azərbaycana yalnız pislik gözlənildiyini bildirirlər. Üstəlik, onlar özlərini super analitik yerinə qoymaqla Saakaşvilinin qayıdışına sevinənləri aşağılamaqdan da çəkinmirlər. Birisi Erkin Qədirlidən yararlanmaqla “maymaq” leksikonuna əl atır, o birisi bizləri Saakaşvili faktına “elmi yanaşmamaqda” suçlayır, bir başqaları da başqa nələrdəsə…

Onların hamısının da başlıca “tutalqası” budur: Saakaşvili “demokrat” adıyla Əliyevlərlə yaxınlaşmaqla Gürcüstanın yararına çalışıb, Əliyevlərə lobbiçilik edib, bu sayaq söyləmələr. Belə çıxır, biz onların bildiklərini indiyədək bilməmişik. Özü də Azərbaycanda yaşaya-yaşaya. Hamısını bilirik. Ancaq… burasını da bilirik: Saakaşvili robot deyil, idealist deyil, realistdir. Üstəlik, ABD-də kurs keçmiş, Avropadan öyrənmiş Avropa REAL POLİTİKA doktrinasını mənimsəmiş birisidr. Başqa bir yandan, ona mandat vermiş xalqa sonunadək borclu olduğunu, o xalqa qulluq görəvlisi SEÇİLDİYİNİ anlayan, bilən birisidr. Bax, bu yerdə Çörçilin ünlü deyimi yerinə düşür: “Ola bilsin, demokratiya çox pis nəsnədir, ancaq, nə etməli, insanlılq hələ ondan yaxşısını tapa bilməyib”. Demokratiyanın başlıca qanunu, ilkəsi budur: sənin başlıca borcun səni seçən xalqa qulluq etmək, o xalqın gərəklərini yetərincə qarşılamaq, istəklərini gərəyincə yerinə yetirməkdir. Yoxsa, uzağı bir dönəmdən artıq mandat görməyəcək, seçilməyəcək, SEÇİLMİŞ birisi olmayacaqsan. Bizdə biriləri bir çağlar bu demokratiya gerçəyini yetərincə anlamadıqlarından, çox keçmədən yoxluğa yuvarlandılar. Biz bunu anlamalıyıq: xalq belələrinin dalınca bir yol gedir, ikinci yol getmir…

P.S. Azərbaycanda yerli-dibli demokratiya olmadığı, buna görə gerçək seçkilər keçirilmədiyi üçün ilham Əliyev də, onun deputatları da çox düzgün olaraq özlərini xalqa borclu saymırlar!