Ədəbiyyat üzrə Nobel verən qurumun bir üzvü də getdi

Ədəbiyyat üzrə Nobel mükafatlarını təqdim edən akademiyanın daha bir üzvüötən həftənin çərşənbə günü qurumu tərk etdiyini bildirib. Qeyd edək ki, akademiya ətrafında yaranmış cinsi qısnama və maliyyə cinayətləri qalmaqalı daha öncə bu mötəbər qurumun bir neçə başqa üzvünün də istefasına səbəb olmuşdu.

Jayne Svenungsson ötən il qalmaqal başlanandan 18 üzvü olan İsveç Akademiyasını tərk etmiş və ya getməyə məcbur edilmiş səkkizinci şəxsdir.

SVT İsveç telekanalı bildirib ki, akademiyaya dekabrda daxil olan Svenungsson “ciddi götür-qoydan” sonra qurumu tərk edib. Telekanal Svenungsson-un özündən sitat gətirərək bildirib ki, o, ilahiyyat professoru olaraq, özünün gündəlik işinə fokuslanmaq istəyir.

Üç yeni üzv seçilib

İsveç Akademiyasının daimi katibi Anders Olsson İsveçin TT xəbər agentliyinə bildirib ki, “bu bir il hamımız üçün son dərəcə ağır keçdi, mən onun müharibənin ortasında akademiyaya daxil olmuş yeni üzv kimi yaşadığı çətinliyi anlaya bilirəm”.

Qalmaqallar ciddi problemlər yaşayan akademiyanı 2018-ci ilin ədəbiyyat mükafatını təxirə salmağa vadar edib. Ancaq qurum həmin mükafatı 2019-cu ildə verə bilmək üçün son həftələrdə boş yerlərə üç yeni üzv seçib.

Akademiyanın yaşadığı bu problemlər İsveçin tanınmış mədəniyyət xadimi və İsveç Akademiyasının keçmiş üzvü Katarina Frostensonun həyat yoldaşı Jean-Claude Arnault ətrafında baş qaldırıb. 72 yaşlı Arnault zorlamada ittiham olunaraq oktyabrda iki illik həbs cəzasına məhkum edilib.

Jean-Claude Arnault zorlama ittihamı üzrə ilk dinləmədən sonra

Arnault bu cinayəti törətdiyini danaraq, appellyasiya şikayəti təqdim edib.

Arnault-a ittihamlar 2017-ci ilin noyabrında səsləndirilməyə başlayıb. 18 qadın İsveç qəzetlərinin birində onu cinsi qısnama və zorlamada ittiham edib.

İsveç Akademiyasının bu ilin aprelində apardığı daxili araşdırma nəticəsində bu mötəbər qurumda “istənməyən intim münasibətlər şəklində qəbuledilməz davranışın” baş verdiyi üzə çıxıb.

Ancaq bu davranışa necə cavab veriləcəyi ətrafında mübahisələr akademiyanın 18 üzvünü bir-birinə əks düşərgələrə bölüb. Akademiyanın bir neçə üzvü ya könüllü, ya da məcburən qurumu tərk edib.

Maliyyə kəsilib

Arnault-un həyat yoldaşı Katarina Frostenson apreldə Akademiyadan uzaqlaşdırılıb. O zaman akademiyanın daimi katibi olan yazıçı Sara Danius da buna etiraz edərək Frostensonla eyni vaxtda qurumu tərk edib. Onun bu hərəkətindən sonra müşahidəçilər İsveçin bəzi ən uğurlu qadınlarının bir kişinin yanlış davranışına görə məsuliyyəti öz üzərlərinə götürməsinin səbəbləri haqda düşünməyə başlayıblar.

Qalmaqal akademiyanın bəzi üzvləri arasında patriarxal meyllərlə bağlı ittihamlara yol açıb. Gender bərabərliyini önə çəkməklə tanınan İsveçdə çox adam bu məsələyə görə narahatlıq ifadə edib.

Cinsi qısnama ittihamlarının üzə çıxmasından dərhal sonra Akademiyanın Arnault-un mədəniyyət mərkəzinə ayırdığı 126 min kronluq (14 min dollar) illik maliyyə dayandırılıb. Akademiya bu vəsaitin şəxsən Arnault-a verilmədiyini vurğulayıb.

Arnault bundan başqa, bu mötəbər mükafatın qaliblərinin adlarını sızdırmaqla bir əsrlik Nobel qaydalarını pozmaqda şübhəli bilinir. Onun 1996-cı ildən başlayaraq qaliblərin adlarını yeddi dəfə sızdırdığı güman olunur.

“…Taleyin istehzası ilə gəlişimlə üst-üstə düşmüş böhran zamanı Akademiyanın bərpasına töhfə vermək məndən ötrü vacib və mənalı olub”, – Svenungsson İsveç mediasına deyib.