Əhməd bəy ingilis generalını fikrindən necə daşındırdı?

0

1919-cu ildə türk millətini başsız buraxmaq və işğalçılıq niyyətlərini daha asan həyata keçirmək üçün İstanbulu nəzarətdə saxlayan ingilislər türk elitasını – milli düşüncəyə malik dövlət adamlarını, millət vəkillərini, tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, hərbçiləri və s. təcrid edib Aralıq dənizindəki Malta adasına aparmışdılar.

Bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib. O bildirib ki, həmin dövrdə sürgünə göndərilənlərdən biri də Əhməd bəy Ağaoğlu idi:

“Sürgün həyatını müxtəlif şəxslər müxtəlif şəkildə keçirirdilər. Aralarında elələri vardı ki, villa tutub xidmətçilərin əhatəsində əvvəlki həyatlarını davam etdirirdilər. Pulları nisbətən az olanlar otellərə yerləşmişdilər. Əhməd Ağaoğlu kimi imkansız adamlar isə Poliverista qəsrinin nəm zirzəmilərində yaşamalı, ingilislərin cirə ilə verdiyi vaxtı keçmiş konservlərlə qidalanmalı olurdular. Bu haqsızlığa qarşı birinci səsini qaldıran Əhməd bəy oldu. İngilis generalının yanına qədər gedib çıxdı, Britaniya Forin Ofisinə onlarla məktub göndərdi. Haqlı tələblər qarşısında deməyə bir söz tapmayan ingilis personalı məcbur qalaraq ərzaq təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmalı oldu.

Əhməd bəy bu münasibətlə yazırdı:

“Daim haqqını axtaran şəxs möhtərəmdir. Hörmətə layiq olmaq üçün həqiqətən möhtərəm olmalısan. Təəssüf ki, biz şərqlilər bu həqiqəti dərk edə bilməmişik. Məsələn, bizlər məmləkətin seçilən adamlarıyıq, belə olduğu halda maddi qüvvətə qarşı anlaşılmaz bir itaət göstərməkdəyik. Haqq və hüquq axtarmaq kimsənin ağlına belə gəlmir. Haqsızlıqlara baş əyməklə, səs çıxarmadan haqqımızın bizə təslim ediləcəyini zənn edirik. Bu, bəlkə də bizim kimi özbaşına rəftara öyrəşən mühitlər üçün doğrudur. Fəqət, bütün Avropa, ələlxüsus, ingilis nöqteyi-nəzərindən bu təsəvvür həqiqətə uyğun deyil. Avropalılar zülm və cəfaya qarşı verilənə qane olmağı, nalə və əfqanı, mərhəmət dilənməyi ən az hörmətə layiq zəiflik sayarlar. Belə zəiflik göstərənləri alçalmağa layiq görərlər. Onların halına qətiyyən üzülməzlər. Əksinə, haqsızlığa qarşı qəlblərində üsyan və həyəcan duyanları, haqqı müdafiə edənləri möhtərəm tutarlar. Hətta onları şiddətlə cəzalandırsalar belə, yenə ürəklərində hörmət edərlər. Təəssüf ki, biz hələ də Avropanın bu ibtidai ruhi hissiyyatını analaya bilmədik. Miskinliklə ingilis və fransızların mərhəmət və şəfqətlərini istəməyə başlamışıq. Padşahdan başlayaraq, bizlərə qədər üstün tutduq və qarşılığında mərhəmət yerinə şiddət, şəfqət yerinə həqarət gördük”.