27 manatlıq Abel Məhərrəmov

0
Abel Məhərrəmov

Xaliq Bahadır

Abel Məhərrəmov: ”Allah Prezidentimizin canını sağ eləsin, şərəflə, ləyaqətlə işləmişəm. Oğlum da mənim kimi xidmət edən adamdır. <…> Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır.

Amma adamda Səviyyə başqa şeydir ha…

Onun biznes imperiyası bütün Azərbaycanı sarmaqla İspaniyayadək gedib çıxır. Universitetdə başında durduğu böyük pul axınına, çoxsaylı restoranlarından, şadlıq saraylarından gündəlik gələn yüksək gəlirə baxmayaraq, o, çaxır qaçaqmalçılığına da girişmişdi (“diplomat” oğlu ilə birgə).  İndi ziyalılıqdan, milli mentalitetdən danışır. Nədən danışır? Rüşvətlə, oğurluq yollarla əldə etdiyi milyonların üstünə milyonlar artırmaq üçün illərlə tapdayıb dəyərsizləşdirdiyi  dəyərlərdən danışır. O danışır, sən utanırsan: belələrinin başa çıxarıldığı, akademik adı, deputat mandatı aldığı ölkədəki… varlığına görə!

19 illik rektorluğu dönəmində BDU-da rüşvəti ən yüksək düzəyə qaldırmaqla, Universiteti elm ocağı olmaqdan çıxarıb böyük alver ortamı yaratmaqla milyarderə çevrilmiş bu yaramaz necə mənliksiz, şərəfsiz, ləyaqətsiz olduğunu beş-on sözlə açıb ortaya qoyub. Əliyevlər belələrini başa çəkməklə bu ölkəni CINDIR günə qoydular!

Sözün gərəkən yeri

Bakı Dövlət Universitetində oxuyan qızımla anası arasında nəsə gərginlik yaşandığını görürdüm. Çox soruşsam da, nəyisə məndən gizlədir, demək istəmirdilər. Görünür, çıxış yolu tapmadıqlarından bir neçə gün sonra özləri açıb dedilər. Demə, Türkan semestr imtahanından kəsilib. Ona tərs-tərs baxdığımı görən Türkan dilləndi:

–  Ata, özün bizə dönə-dönə demisən oxumağa pul verilməz. Müəllim 27 manatdan pul yığırdı, mən pul vermədim, mənə “2” yazdı.

– Pul istəyib, başa düşdüm, ancaq 27 manat niyə?

– Bilmirəm, – qızım çiyinlərini çəkib bildirdi.

– Mən Universitetə gedib bilərəm, – dedim.

Müəllimin pul yığmağından da çox məni 27 manat söhbəti acıqlandırmışdı. “Gör bir çağlar mənim pulsuz-parasız oxuduğum Universiteti bu dəyyuslar, tör-töküntülər nə günə qoyublar, necə alverxanaya çeviriblər: 20 manat, yox, 30 manat yox, 27 manat; bunun niyəsini öyrənəcəm”, – beləcə düşünürdüm.

Uşaqlarımdan arxayın idim. Onlara uşaqlıqdan bunları aşılamışdım: mən görəv başında olmuşam, rüşvət almamışam, olsam, yenə alan deyiləm. Mənə arxayın olmayın, çalışın, çoxlu bilik toplayın, özünüzə arxayın olun. Mən pulsuz oxumuşam, siz də pulsuz oxuyacaqsız. Böyüdülər, üçü də özbaşına Universitetə girdi – hərəsi bir Universitetə.

– Mən gedirəm Universitetə, – deyə, durub geyinməyə başladım. .

– Mən də səninlə gedirəm, – yoldaşım dedi, – sən gedib orda dava salıb uşağı qovduracaqsan.

Dekanın otağında üçümüz idik. Ona baş verənləri danışdım, sonda dedim:

– Biz ikimiz də bu Universitetə pulsuz girmişik, pulsuz oxumuşuq, buranı pulsuz bitirmişik. İndi burda pulsuz qiymət yazılmır, bu nə deməkdi?

– İkiniz də jurnalistsiz, mən sizdən nəsə gizlətməyəcəm, – dekan dedi. – Balalarımın canına and olsun, mən də bu Universitetə pulsuz girmişəm, pulsuz oxumuşam, buranı pulsuz bitirmişəm.

– Deyirsiz, sizə inanırıq. Ancaq o, keçmişdi, keçmişdə olanlardı, indiki alver nədi? – deyə, soruşdum.

– Dekan susdu. Bir az aşağı-yuxarı baxıb dilləndi:

– O mənlik deyil, o işə Abel müəllim özü baxır.

– Siz, axı, dekansız.

– Düzdür, dekanam, ancaq pul işinə qarışmaq səlahiyətim yoxdur. Pul işləri Abel müəllimin öz əlindədir.

– Bəs 27 manatla bağlı nə deyə bilərsiz? Nəyə görə 20 yox, 30 yox, 27 manat?

Dekan üzümə yazıq-yazıq baxıb, dururdu. Mənsə gözümü ona zilləmişdim – nə deyəcəyini gözləyirdim; burası mənim üçün çox önəmli idi.

– Bilirsiz, – dekan ağır-ağır dilləndi, – Abel müəllim imtahan götürən hər müəllimin üstünə iki oğlanı nəzarətçi qoyur, pul bölgüsü elə olur, gəlib 27 manata çıxır.

– O oğlanlar müəllimdi?- soruşdum.

– Xeyr, müəllim deyillər.

– Müəllim deyillərsə, kimdilər?

– Elə belə adamlardı: Abelin qohumları, yerliləri.

– Aydındı. İndi biz neynəməliyik?

– Qabaqcadan gəlmiş olsaydız, jurnalist, ziyalı olduğunuza görə mən müəllimlə danışıb sizə kömək eləyə bilərdim. İndi kömək eləyə bilməyəcəm. Siz imtahan götürən müəllimlə görüşün – Sərdar müəllimlə – görün nə deyir. Sərdar müəllim əsas bunada olur, ora gedin.

Sərdar müəllimi Abelin kabinetindən bir az aralıda tapıb danışdım. Sözünü kəsinliklə dedi:

-Sentyabrda gələrsiz!..

Xaliq Bahadır

Hələ iyun ayı idi. Sentyabra iki ay qalırdı. Türkanın bu iki ayı necə gərginlik içində olacağını yaxşı bilirdim. İndilikdə əlimizdən gələn bir iş yox idi. Suyu süzülə-süzülə evə qayıtdıq.

Ertəsi günü evdə kimsəyə bildirmədən “bəlkə, düzəldi” deyə, yenidən Universitetə yollandım. Baş binaya aparan dar yol adamla doluydu: gedən kim, gələn kim. Birdən qorxduğum bir görsəniş baş verdi: Jurnalistika fakültəsinin qarşılaşmaq istəmədiyim qocaman müəllimi mənə doğru gəlirdi. “Ay dadi-bidad Ərdəbil!” Onu “Azadlıq” qəzetində otaqdan qovmuşdum. Özümü görməzliyə vurub yayınmağa çalışsam da, alınmadı – o da məni görmüşdü. Yanından sivişib keçmək istəyəndə qolumdan tutdu: “Dayan, yaxşı əlimə düşmüsən!” Tələsdiyimi deyib, ondan can qurtarmağa çalışdım. Əl çəkmədi, qolumdan tutdu, darta-darta məni yaxınlıqdakı çayxanaya apardı. “Otur, səninlə bir çay içək, – dedi, – sənə deyiləsi sözüm var”.

Müəllim çayçını çağırıb bizə bir çaynik çay, beş dənə bulka gətirməsini buyurdu. Çayniki başa düşdüm, bulkanı yox. Niyə beş bulka? Beş bulkanı iki adama necə böləcəkdi? Bilmədim. Düzü, bilmək də istəmirdim. Məni onun gətirdiyi beş bulkanı iki adam arasında necə böləcəyindən çox söhbəti hardan başlayacağı, mənə nələr deyəcəyi düşündürürdü. Aramızda çox qanqaraldıcı söhbət olacağını kəsdirmişdim.

Bir gün  (Xaqani, 33 çağlarında) redaksiyada oturub yazı redaktə eləyirdim. Hikmət Sabiroğlu yaşlı bir kişiylə otağa girib dedi: – … müəllim sizinlə tanış olmaq istəyir”. Hikmət bəy bunu deyib öz otağına qayıtdı. Durub müəllimlə görüşdüm, stul gətirib onu böyük sayğıyla qarşımda oturtdum. Sonra da eləcə  sayğıyla dinləməyə başladım. Müəllim mənim hakimiyətə qarşı yazdığım bir-birindən kəskin yazılardan bir-bir söz açır, məni öydükcə öyürdü. O öyür, mənsə “şişirdim”; axı, o elə belə kimsə deyildi, Jurnalistika fakültəsinin qocaman müəllimlərindən idi. Birdən o nə desə yaxşıdır: “Mən 91-lərdənəm”.

Onun nə dediyini çox yaxşı eşitdim, ancaq eşitməmiş kimi oldum, o üzdən soruşdum: “Nə dediz?” Dediyini bir də dedi: “Mən 91-lərdənəm”. Necə acıqlandımsa, özüm də bilmədən səsimi qaldırdım: “Durun, çıxın burdan! Çıxın, gedin!” O, səksənib ayağa qalxdı, ancaq üzümə mat-mat baxıb durur, hələ bir soruşurdu da: “Sizə nə oldu?” “Nə olacaq, – dedim, – sizin qurduğunuz hakimiyət ölkəni yaman günə qoyub, mən o hakimiyətə, onun başında durana qarşı yazılar yazıram, gəlib məni öyürsüz – mən bunu özümə təhqir sayıram”. Bir çox başqaları kimi o da özünü duruya-quruya çıxarmağa çalışırdı: “mən aldandım, o bizi aldatdı, biz onu belə bilməzdik…” –  bu sayaq sözlər, söyləmələr. “Onu belə bilməzdik”- deyirsiz, onun 70-80-ci illərdə nələr elədiyini bilmirdiz? Bilirdiz!” Onu eşitmək istəmədiyimi bildirərək kəsinliklə ondan üz döndərdim. Deyinə-deyinə çıxıb getdi…

İndi biz mənim üçün indiki çətin, gərgin çağda – tərslikdən – onunla üz-üzə oturmuşduq. Onun nə deyəcəyini, məni hansı qınaqlarla üz-üzə qoyacağını gözləyirdim. O, iki bulkanı bir-birinin ardınca içəri ötürdü, üçüncünü götürüb sanballayandan sonra sözə başladı:

– Yadınızdadı “Azadlıq”da sizinlə görüşdüyümüz?

– Yadımdadı. –  “İndi başlayacaq” – düşüncəsiylə dilləndim.

– Siz onda haxlı idiniz. Mənə “xəyanətkar” dediniz. Yadınızdadı?

– Yadımdadı.

– Mən özümü xəyanətkar saymıram, ancaq jurnalistikada deyildiyi kimi, fakt faktlığında qalır: ona inanıb aldanmaqla biz böyük səhvə yol vermişik – xalqı, ölkəni yaman günə qoydular. O bizi bilirsiz necə aldadırdı? Deyirdi: “Bilirəm, mənim çox səhvlərim olub, sovet hakimiyətinə inanıb qulluq eləmişəm, xalqıma ziyanım dəyib. İndi siz mənə kömək eləyin, mən hakimiyətə gəlim, günahlarımı yuyum, Qarabağı qaytarım, ölkəni inkişaf etdirim – axı, mənim böyük idarəçilik təcrübəm var, – indi hakimiyətdə olanların hamısı təcrübəsizdi, hamısı dövlət işlərindən xəbərsizdi…” O bizi belə aldatdı.

– Siz onun 70-ci illərdə nələr elədiyini görməmişdiz? Bilmirdiz yerliçiliyi, klançlığı, onlarla birlikdə bir çox neqativləri bu ölkəyə o gətirdi?

– Bilirdik, hamısını bilirdik, ancaq aldandıq, o bizi aldatdı.

– Sizi o aldatmadı, siz özünüz ona aldandınız – nəsə əldə eləmək üçün. O sizə yüksək görəvlər, pullu işlər boyun olurdu… Bəlkə, belə deyildi?..

Müəllim dördüncü bulkanı götürdü, ondan yekə bir qappa aldı, üstündən bir neçə qurtum çay içib, udquna-udquna dedi:

– Hə, olub, o da olub. Ancaq biz düşünürdük: “onun böyük idarəçilik təcrübəsi var, o bizə yaxşı rəhbər olar…” Olmadı, bizi aldatdı.

– Müəllim, sizin “böyük idarəçilik təcrübəsi” dediyinizdə bu xalqın işinə yarayan, bu xalqı qabağa aparan, yüksəldən  nə vardı, deyə bilərsiz? Yerliçilikdən, klançılıqdan, rüşvətdən, yalandan, yaltaqlıqdan savayı. Hələ çoxsaylı “pripiska” faktları. Sonra da o faktlarla bağlı açılan çoxsaylı cinayət işləri…

O, beşinci – sonuncu bulkanı də götürüb ağzına təpə-təpə çox böyük qayğıyla: – Siz bulka yemədiz, – dedi, – sonra da söhbəti dəyişdi:

– Bayaqdan soruşmuram, nə yaxşı bura gəlmisiz, yoxsa nəsə bir problem var, elədirsə, deyin, kömək eləyim.

– Gəlmişəm öyrənim görüm buralarda nə var, nə yox. Axı, mən bir çağlar bu Universitetdə oxumuşam. Özü də pulsuz-parasız.

– Bir çağlar… bilirəm o çağlar hansı çağlardı. Onda Moskva vardı, az-çox Moskva qorxusu vardı. O çağlar getdi, indi bura Abel Məhərrəmovun dükanı yerindədi. Hər yerə “ermənistanlıları” doldurub, qapıçılar da “ermənistanlıdı”. Rüşvət ayaq tutub yeriyir. Görün iş nə yerə çatıb, mən “91-lər”dən ola-ola məni də sıxışdırırlar, dərs saatlarımı azaldırlar. Üz tutulası, şikayət olunası bir yer də yoxdur, bunlar dövlətin özünü böyük bir dükana, kommersiya qurumuna çeviriblər. Xalq hüquqsuz durumdadı, ölkə batıb gedir…

Mənim onu bundan artıq dinləməyə dözümüm qalmamışdı: bizdəki bir çox dırnaqarası “ziyalılar” kimi o da istədiyini əldə edə bilməyəndən, quyruğu tapdanandan sonra “xalq”, “ölkə”, “dövlət” kimi kateqoriyalarla düşünməyə başlamışdı. “Gecdi, müəllim, çox gecdi; sənin indi qandıqların ölü üstündə oxunan dua kimidi: sən bu ölkədə xalqı da, özünü də uduzduran çoxsaylı dar düşüncəli özgüdükçülərdən birisən”, – belə bir düşüncəylə ondan ayrılıb “müəllim” ayamalı Sərdarı axtarmağa getdim. Onu tapmayıb geri döndüm.

Aradakı boşluqdan yararlanıb Hüquq fakültəsinin dekanı ilə görüşüb qonuşmaq üçün (onunla Hərəkat çağlarından yaxınlaşmışdıq) bir çağlar özümün də oxuduğum Filologiya korpusuna yönəldim. Hüquq fakültəsinin koridoru indiki hüquq sisteminin özü kimi çox qaranlıq idi.

– Bəy, salam, – qaranlıqda üzünü çətinliklə seçdiyim bu adamla da üz-üzə gəlmək istəməzdim. (O, Hüquq fakültəsinin müəllimlərindən idi, Universitetdə Abelin ən yaxın adamlarından sayılırdı. Onunla aramızda Universitetdən qıraq inciklik olmuşdu). O məni çəkib koridorun işıqlı yerinə –  pəncərə önünə apardı. Nədən ötrü gəldiyimi soruşdu. Demək istəmədim. Əl çəkmədi: “Siz bura elə-belə gəlməzsiz, görünür, nəsə problem var”. İşin nə yerdə olduğunu bilincə liftin qabağında dayanmış hündür, ağappaq koppuş üzlü oğlanı çağırdı:

– Bəxtiyar, bura gəl, – cibindən çıxardığı telefonu ona uzadıb dedi: – Sərdar müəllimin nömrəsini yığ, ver mənə. – Onun nəyə görə belə etdiyi mənə qaranlıq qaldı. Telefon danışığı çox sərt idi:

– Sən bilirsən kimin uşağını kəsmisən?! Bilmirsən, deyirəm, bil… Bu gün onun qiymətini yazmalısan! Niyə? Yaxşı. Sabah. Sabahdan gec olmasın! – Telefonu söndürüb, üzünü mənə tutdu: – “Sağ olun”? Hə “sağ ol?!” Sizin kimi adamların qədrini bilmək, sizin kimi adamlara dəyər vermək hamının borcudur. Ancaq, bizim bədbəxtçiliyimizdən, hamı bunu anlamır. – Qoluma girib məni pilləkənin başına apardı. – Sizdən çox xahiş eləyirəm, bir də bura gəlməyin, nə gərək olsa, mənə zəng vurun, arxayın olun. Sizə hörmət eləmək bizim hamımızın borcumuzdur. Bunu da bilin: bir daha elə problem olmayacaq.

Ertəsi günü qızımın qiyməti yazılmışdı.

Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.