Azər Qasımlının Avropa Məhkəməsinə şikayəti itib

0

“Respublikaçı Alternativ” (REAL) Partiyasının rəhbərlərindən Azər Qasımlının bu ilin mayında inzibati qaydada həbs olunmasından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilmiş şikayət ərizəsinin itdiyi bildirilir.

Bu barədə Azər Qasımlının özü bildirib.

Onun sözlərinə görə, mayın 28-də Bakıda keçirdikləri yürüşdən sonra inzibati qaydada həbs edilməsinə yerli məhkəmələrdə baxılması prosesi başa çatıb. Həmin qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

“Vəkilimin bildirdiyinə görə, şikayətimiz poçtdan yox olub”, – deyən Azər Qasımlı şikayəti yenidən göndərəcəklərini deyib.

“Avropa Məhkəməsinə yerli məhkəmələrin sonuncu qərarından sonrakı 6 ay ərzində şikayət etmək lazımdır. Həmin müddət, hələlik, başa çatmayıb. Tezliklə şikayəti yenidən göndərəcəyik. Hər bir halda bu şikayət alternativ yolla ünvanına çatacaq”, Azər Qasımlı qeyd edib.

Müdafiə tərəfinin bildirdiyinə görə, sözügedən şikayət “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) vasitəsilə göndərilib. Həmin müəssisədən şikayətin itməsi ilə bağlı deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Bundan öncə bir neçə vəkil və hüquqşünaslar, o cümlədən Nemət Kərimli, Əsabəli Mustafayev, Elçin Sadıqov da eyni problemlə üzləşdiklərini açıqlayıblar. Gənc fəal Bayram Məmmədov, müxalif siyasətçi Fuad Qəhrəmanlı, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələri gedib çatmayıb. Sonradan onlarla bağlı şikayətlər yenidən göndərilib.

“Azərpoçt” MMC-dən AzadlıqRadiosuna məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləsələr də, bildirilib ki, belə hallar istənilən ölkədə baş verir: “Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil”.

Ancaq bəzi vəkil və hüquqşünaslar belə halların baş verməsini sırf texniki qüsur kimi qəbul etmirlər. Onların fikrincə, Azərbaycan hökuməti təmsilçiləri imkan daxilində AİHM-ə şikayət getməsini istəmirlər. Hərçənd, rəsmilər də belə fikirləri bölüşmürlər.

REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlı mayın 29-da Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Polisə tabe olmamaqda günahlandırılan Azər Qasımlı həmin vaxt həbsini Respublika günü şəhərin mərkəzində keçirilən yürüşlə izah edib.

Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika günü münasibətilə REAL Partiyasının üzvlərinin və başqa fəalların iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib. Bundan bir gün sonra isə Azər Qasımlı saxlanmışdı.