Azərbaycan hökuməti cərimələndi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Məhkəmə Arif Aslanovun işi üzrə hökuməti cərimələyib. Bu barədə AİHM bu gün qərarın mətnini yayıb.

Sözügedən iş böyrək çatışmazlığından əziyyət çəkən məhbusun həbsxanada vəfat etməsi ilə bağlıdır. Ərizəçi A.Aslanov 2007-ci ildə ölümə təşəbbüs göstərmək əsası ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb və barəsində həbs tədbiri seçilib. Böyrək çatışmazlığından əziyyət çəkən A.Aslanov MTN-in təcridxanasında birnəfərlik kamerada saxlanılıb.

Qərarda yazılır ki, təcridxanda səhhətində ciddi problemlər yaranan ərizəçini dializ üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriblər. Ancaq onun sağlıq durumu getdikcə pisləşib və 2008-ci ilin yanvarında vəfat edib. Ancaq tibbi sənədlərə görə, o, ürək çatışmazlığından vəfat edib.

Ölüm hadisəsi ilə bağlı araşdırma başlanılsa da prokurorluq cinayət işinin başlanılmasından imtina edib. A.Aslanovun oğlu Emil Aslanov həmin qərardan şikayət verib. Lakin yerli məhkəmələr həmin şlikayətləri təmin etməyiblər.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, yerli məhkəmələr onların şikayətlərinə baxarkən Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin yolverilməzliyi) və 5-ci (azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusuna yol verib.

AİHM yekun qərarında ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Azərbaycan hökuməti ərizəçiyə maddi və mənəvi ziyana görə ümumilikdə 3500 avro ödəməlidir.

Əvvəlki məqaləKaliforniyada ölənlərin sayı 56-ya çatıb
Növbəti məqalədəAzərbaycan nefti 68 dollardan aşağı düşüb