Azərbaycanda rektoru seçsələr, bu seçkinin özü necə olacaq?

Universitetə rektoru dövlət başçısı təyin edirsə, orda akademik azadlıq ola bilərmi? Məsələn, hansısa elmi iş, kurs işi, diplom işi prezidentin mövcud siyasətini tənqid edə bilərmi? Niyə Azərbaycanda rektorları hələ də prezident təyin edir?

Bu suallar mərhum prezident Heydər Əliyevin 19 il əvvəl təyin etdiyi, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun, indiki prezident İlham Əliyevin sərəncamı ilə, keçən həftə işdən azad olunmasından sonra daha da aktuallaşıb.

Abel Məhərrəmov, noyabrın 21-də, report.az-a müsahibəsində, işdən çıxarılmağı barədə danışarkən, özü də etiraf edir ki, hakim partiyaya xidmət edir:

“Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir”.

Abel Məhərrəmov

Onun rəhbərliyi dövründə, işdən çıxarılan bəzi müəllimlər isə iddia edirdilər ki, elə məhz İlham Əliyevin siyasətinə rektordan fərqli yanaşdıqları üçün Abel Məhərrəmov onları işdən azad edib.

19 il eyni kürsüdə oturmuş Abel Məhərrəmovun fəaliyyəti sosial mediada da tənqid olunur, onun universiteti irəli aparmaq əvəzinə, inkişafdan geri qoyduğu deyilir. Abel Məhərəmmov isə deyir ki, o, bu illər ərzində BDU-ya şərəflə, ləyaqətlə qulluq edib.

Seçkini kim keçirəcək?

Bu müzakirələrin fonunda, keçmiş deputat, iş adamı Nazim Bəydəmirli təşəbbüslə çıxış edib və deyir ki, rektorları prezident təyin etməsin, seçki keçirilsin. O, bu posta öz namizədliyini təklif edir:

“Məsələn, elə bir seçki olsa, mən də iştirak edərəm… Qalib gəlsəm universitetin reytinqini az müddət ərzində önlərə çıxarmağın yolunu da bilirəm… Məndən də layiqli namizədlər çoxdur, əsas ideyanın reallaşmasıdır”.

Tarixçi alim Altay Göyüşov da seçki keçirilməsinin tərəfdarıdır, amma sual edir ki, o seçkini kim keçirəcək… Onun fikrincə, seçki olarsa, əsas olan onu şəffaf şəkildə reallaşdırmaqdır. Altay Göyüşov deyir ki, prezident başqa işlərlə məşğul olmalıdır və univesitetlərin işinə qarışmamalıdır:

“Bu, həm cəmiyyətə töhfə olar, həm də universitetin müstəqilliyini təmin etmiş olar. Hətta ABŞ -da Trump hakimiyyətə gələndə universitetlərdən narazılığını dəfələrlə dilə gətirdi. Bu da təbiidir, niyə? Çünki universitetlər liberal düşüncənin beşiyi sayılır…”

Universitetləri ondə gedən Amerikada…

ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynli deyir ki, onun dərs dediyi universitetdə rektorlar seçki yolu müəyyən olunur.

Belə ki, rektor axtarılarkən komissiya qurulur, həmin komissiyaya müxtəlif adamlar, o cümlədən müəllimlər, dekanlar, müəllimlər senatının prezidenti, universitetlə sıx əlaqəsi olan şirkətlər, univesitetdən kənar müstəqil şəxslər və sair üzv olur. Bu komissiya bir işəgötürmə şirkəti kirayələyir, həmin şirkət ölkəboyu elanlar verir, uyğun namizədlərin siyahısı komissiyaya təqdim olunur:

“Komissiya isə həmin namizədləri ştatın Ali Təhsil Şurasına təqdim edir. Ali Təhsil Şurası da seçkili orqandır və rektoru müəyyənləşdirir. Rektor isə universitetin ölkə səviyyəsində inkişafına, məzunlarının daha yaxşı işlə təmin olunmasına, elmi araşdırmalar üçün yaxşı şərait olunmasına çalışır”.

Fariz Hüseynli deyir ki, ABŞ universitetlərində rəhbərlərin, müəllim heyətinin hansısa siyasi partiyanın tərəfində olmasına qadağa qoyur. Amma hansısa siyasi mövzularda tələbələrlə müzakirələr azaddır.

ABŞ Universitetləri QS univertetlərin beynəlxalq reytinqinə görə ilk yerləri götürüblər.

Bakı Dövlət Universiteti isə bu siyahıda 800-1000-ci yerdədir.