DTX iki ekstremisti məhv etdiyini bildirir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Famil Ələkbərovu və Rüstəm Rzayevi məhv etdiyini bildirir. Bu barədə DTX-nın noyabrın 4-də yaydığı məlumatda deyilir.

Məlumata görə, hər iki şəxs radikal dini ekstremist qrupun üzvü olub, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumatlar təsdiqini tapıb.

“2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilmişlər”, məlumatda belə deyilir.

Məıumatda vurğulanır ki, hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb.

Məlumatda deyilir ki, faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və yanındakı polis nəfərinə il iyulun 3-də silahlı sui-qəsd edilib. Sui-qəsdi edən Yunis Səfərov saxlanılıb. İyulun 10-da Gəncədə iğtişaşalar törədilib, bu iğtişaşlar zamanı iki nəfər yüksək rütbəli polis nəfəri qətlə yetirilib.

Hüquq-mühaizə orqanlarının yaydıqları məlumata görə bu hadisə ilə bağlı 69-a yaxın şəxs həbs edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Eyni zamanda 5 nəfər zərərsizləşdilrib.