Gözəl Bayramlının cəzası 2 ay azaldıldı

AXCP sədrinin müavini Gözəl Bayramlıya verilmiş üç illik həbs cəzası iki ay azaldılıb. Noyabrın 14-də Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, G.Bayramlıya qarşı CM-in 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

Qərardan öncə G.Bayramlının vəkili Elçin Sadıqov çıxış edib. Bildirib ki, onun müvəkkili Azərbaycanda CM-in 206.1 maddəsi ilə həbsdə saxlanılan yeganə şəxsdir. Vəkil xatırladıb ki, G.Bayramlı dəfələrlə günahsız olduğunu, siyasi fəaliyyətinə görə şərlənib həbs edildiyini söyləyib. Müdafiəçinin sözlərinə görə, bu, iş materiallarından da görünür: «Cinayət işinin materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, G.Bayramlı, hətta Gürcüstanda da olanda izlənilib».

Vəkil bildirib ki, G.Bayramlı 12 min dolları gömrüyə bəyan etmədən qaçaqmal yoluyla keçirməkdə təqsirləndirilir. Amma o, Gürcüstandan qayıdarkən «Sınıq körpü» məntəqəsində heç gömrük postundan keçməmiş saxlanılıb: «Biz Gözəl Bayramlının həbsinin ertəsi gün istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırdıq. Bir ay sonra cavab gəldi ki, həmin görüntülər saxlanmayıb. Bu iş üzrə məhkəmədə 14 vəsatət qaldırdıq, heç biri təmin olunmadı».

Vəkildən sonra prokuror kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib.

Qısa müşavirədən sonra hakimlər hökmün dəyişdirilməsi barədə qərarı elan ediblər.