Gözəl cinlərin və gözəl günlərin xatirəsi

Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

Göyçədə məhəlləmizdə Əziz qızı Bəsti adlı yaşlı, mehriban, hərəkətli, söhbətcil gözəl bir nənə tək yaşayardı. övladı yox idi, amma inandırım sizi, hamının başının tacı idi, elə bir işi yox idi ki, dayım Əli və atam öndə olmaqla hamı anında köməyə çatıb, həll etməsinlər. Mal-qarası, əkini-biçini də vardı. Özü də işlək adam idi. Atalarımız da ona nənə deyirdi, biz də. Mənim də ayrı bir sevgim, dostluğum vardı nənə ilə.

Həmişə başına yığıb bizə konfet verirdi. Bu qədər dadlı şəkərlər onda haradandı, bilmirdik. Hədsiz köhnə evi də çox səliqəli olurdu.

Kənddə söhbət gəzirdi ki, Bəsti nənənin evində cinləri var. özü də təsdiq edirdi. Biz də qorxmurduq, çünki söhbətlərə və özünün dediklərinə görə, cinlər ona kömək edirlər, bir sözünü iki eləmirlər. İnək sağmağa qədər. Onun keşiyini də çəkirlər. Bəziləri inanırdı ki, Bəsti nənənin atası Əziz kişi çox qəhrəman, xeyirxah, mömin,el dili ilə desək, cənnəti sağlığında qazanan insan olub, cinlər də Əziz kişiyə savab olaraq onun qızına yardım edir.

Beləcə də biz cinləri çox sevirdik, bir dəfə payızda, işin-gücün nəfəs almağa imkan tapmadığımız vaxtında evin ərkəsöyünü, dili-dilavəri balaca bacım gedib Bəsti nənəyə demişdi:

– Bəsti nənə, cinlərini ver aparım bizim qapıda çoxlu iş var, kömək eləsinlər, bizimkilər qırıldılar işləməkdən.

Həmin gün böyüklər də Məmli babamgilin köhnə evinin qabağında bal süzürdü, əhvalat bizi o qədər güldürmüşdü ki, dayım dedi:

– Bu baldan bir az aparın cinlər də yesin, yaxşı deyil.

Cinlər söhbəti belə yekunlaşdı. Mən əsgərliyə gedirəm. Hamı yığışıb, Bəsti nənə gəldi, 25 manatlıq qoydu cibimə, bir də konfetlər gətirdi və dedi:

– Konfetləri də cinlərim yollayıb, onlar da səni çox istəyir, çətinliyin olsa, yanına gələcəklər.

Axşam evinə gedən isə məni öpüb dedi:

– Mənim heç kimim yoxdur, heç cinim də yoxdur. Qayıt gəl bir böyük ev tik, mənə də o evdə bir otaq ver, yanında qalım.

Ev söhbətini həmişə edirdi, hamı bilir, deyirdi ki, sən ev tikərsən mənə də.

Amma cinlərin olmaması fikrini… kimlərsə normal qəbul etmişdi, kimlərsə böyük təəccüb işçində idi, balaca bacım isə az qala ağlamışdı:

– Heç Cini də yoxmuş yazıq Bəsti nənənin.