Gürcüstanın birləşmiş müxalifəti seçkinin nəticələrini tanımır – necə olacaq?

Qriqol Vaşadze

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. 

Rəsmi nəticələrə görə, seçki dairələrinin böyük əksəriyyətində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Məlumata görə, Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verilib.

Müxalifətin vahid namizədi olan “Vahid Milli Hərəkat” partiyası üzvü Qriqol Vaşadze isə 40,39 faiz səs topladığı bildirilir. Onu 774 min 468 seçici dəstəkləyib.

Artıq S.Zurabişvili və tərəfdarları qələbəni qeyd ediblər və Gürcüstanda ilk dəfə qadın prezident seçilib.

Konstitusiyaya görə, S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacağı gözlənilir.

Səsvermə günü axşam saatlarında eks-prezidenti Mixail Saakaşvili Rustavi-2 telekanalının efirində Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib və vətəndaşları kütləvi dinc etiraz itaətsizliyə çağırıb.

Noyabrın 29-da Tbilisi Filarmoniyasında seçkinin nəticələriylə bağlı tərəfdarları ilə görüşən müxalif namizəd Qriqol Vaşadze də seçkinin nəticələrini tanımadığını və mübarizələrinin növbəti mərhələsinə başladıqlarını bildirib.

Gürcüstan müxalifəti görüşdə seçkiləri qeyri-legitim elan edib və genişmiqyaslı mitinqlər keçirəcəklərini açıqlayıblar.

Filarmoniyada baş tutan görüşdə keçmiş prezident Saakaşvili internet vasitəsilə canlı danışıb və müxalifəti səsləri qorumağa səsləyib.

Saakaşvili tərəfdarları ilə canlı danışır

Eks prezident bildirib ki, seçkilərdə Gürcüstanın bütün şəhərlərində görünməyən saxtalaşdırma baş verib.

Vahid namizəd Qriqol Vaşadze bildirib ki, əllərində saxtalaşdırma ilə bağlı lazımi qədər faktlar var. Onun sözlərinə görə, bu səbəbdən onlar iqtidarın namizədini təbrik etmək niyyətində deyillər.

Q.Vaşadze deyib ki, Gürüstanın prezidenti yoxdur, çünki seçkilər kütləvi saxtakarlıqla keçirilib. Müxalif namizəd yenidən prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.

Gürcüstanın birləşmiş müxalifəti dekabrın 1-i kütləvi mitinq keçirəcəklərini elan edib.