Həbsdəki sayt rəhbəri yasaqlardan şikayətlənib

0

Dövlət Təhlükəsizliyi Xidmətində saxlandığı deyilən realliq.info saytının redaktoru İkram Rəhimovun ölkə başçısına, diplomatik korpuslara və ombudsmana müraciət göndərməsinə imkan verilmədiyi bildirilir.

Azadlıq Radiosunun məlumatına görə, bu haqda onun yaxınları məlumat yayıblar.

Onların deməsinə görə, Rəhimov ailəsi ilə telefonla əlaqə saxlayıb:

“İkram Rəhimov ona qarşı ittihamların qurama olduğunu deyir. Barəsindəki məhkəmə qərarını da qanunsuz sayır. Bununla bağlı prezidentə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara, ombudsmana müraciət etmək istəyir. Ancaq deyir ki, onun müraciətləri buraxılmır”.

Yaxınları deyirlər ki, saxlama şəraitindən narazılıq etməyən sayt rəhbəri şikayətinin ictimailəşdirilməsini özü istəyib.

İkram Rəhimovun yaxınlarının dediklərinə, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. O tutulmamışdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunur:

“İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov isə ittihamları rədd edib, yazılarına görə həbs edildiyini açıqlayıb.

Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.