İnquşetiyada Çeçenistanla ərazi mübadiləsinə qarşı çıxan fəallar saxlanıb

İnquşetiyada Çeçenistanla ərazi mübadiləsinə qarşı çıxan aksiya iştirakçıları saxlanıb.

MBX-Media portalının məlumatına görə, fəallardan Mogamed Mutsolgov,Ruslan Yandiev, Barax Çemurziyev və Axmed Poqorov polis bölməsinə aparılıblar.

“Yabloko” partiyasının regional şöbəsinin rəhbəri Ruslan Mutsolgov jurnalistlərə deyib ki, İnquşetiya rəhbəri “Qüllə kompleksləri” adlanan ərazini qanunsuz Çeçenistana vermək istəyir.

Məlumata görə, fəallar şənbə günü həmin ərazidə iməcliyə çıxarkən saxlanıblar.

Hakim dairələr artıq noyabrın 16-dan etiraz aksiyalarının qarşısını almağa başlayıb.

Ruslan Mutsolgovun sözlərinə görə, Çeçenistan tərəfi isə kompleksin yerləşdiyi əraziyə hərbi və inşaaat texnikaları gətirib.

Məlumata görə fəallardan biri Ruslan Yandiev saxlanarkən döyülüb.

Fəalların aparıldıqları polis bölməsinin qarşısına aksiyaçılar toplaşmağa başlayıb.

İnquşetita prezidenti Yunus-Bek Evkurovla Çeçenistan rəhbəri Ramzan Kadyrov sentyabrın 26-da ərazi mübadiləsi barədə razılaşma imzalayıblar.

Amma bu İnquşetiyada kütləvi etirazlara səsəb olub.

Bunu qanunsuz sayan aksiyaçılar Evkurovun istefasını tələb edirlər.

İnquşetiyanın konstitusiya məhkəməsi oktyabrın 30-da sərhəd mübadiləsi barədə həmin qərarı ləğv edib və məsələ ilə bağlı referendum keçirilməsini tələb edib.