Kaliforniyada ölənlərin sayı 56-ya çatıb

Axtarış dəstələri yanğınların davam etdiyi Kaliforniyanın şimalında daha 8 cəsəd aşkar edib və beləliklə ölənlərin sayı 56-ya qalxıb.

Amerikanın Səsinin məlumatına görə, Byut mahalının şerifi Kori Honea axırıncı cəsədlərin çərşənbə günü gecə saatlarında 27 min insanın yanğın səbəbindən evlərini tərk etməlı olduğu Paradayz ərazisində tapıldığını bildirib.

“Biz aşkar etdiyimiz 56 cəsədin təxminən 47-nin kimliyini müəyyən etsək də DNT testlərinin bunu təsdiq etməsini gözləyirik” – deyə, şerif bildirib.

Keçən gecə açıqlanan siyahıda itikn düşənlərin sayı 130 nəfər olub. Bu arada isə yanğınlar davam edir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Kaliforniya boyu yanğınları böyük fəlakət elan edərək, fəlakət qurbanlarına federal fonddan vəsait ayrılmasına göstəriş verib.