Məhkəmə jurnalisti həbsdə saxladı

0

Bakı Apellyasiya Məhkəməsi realliq.info saytının redaktoru İkram Rəhimovun məhkəməyə qədər 2 aylığa həbs edilməsi barədə rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin yaxınları bildiriblər.

Qərar bu gün, noyabrın 8-də qəbule dilib. Yaxınlarının deməsinə görə, prosesdə İ.Rəhimov və onun vəkilləri iştirak ediblər.

İ.Rəhimov çıxışında ona qarşı ittihamları rədd edib, bildirirb ki, onu yazılarına görə, həbs ediblər.

İ.Rəhimov eyni zamanda deyib ki, istintaq dövründə həbsdə tutulması üçün heç bir qanuni əsas yoxdur. Jurnalist ölkədən getmək, istintaqdan yayınmaq niyyətinin olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıb.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyası onun arqumentlərini nəzərə almayıb.

Yaxınlarının demsəinə görə, məhkəmə qərarını aldıqldan sonra Avropa Məhkəməsinə şikayət edəcəklər.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb . O tutulmamışdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunur:

“İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov isə ittihamları rədd edib, yazılarına görə həbs edildiyini açıqlayıb.

Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.