Maşının üstündə oxuyan reperə 12 sutka həbs cəzası verildi

22 noyabr 2018-ci il

Rusiyada məhkəmə populyar reper Husky-yə 12 sutka həbs cəzası kəsib. O bu cəzaya avtomobilin üstünə çıxıb oxuduğuna görə “layiq görülüb”.

Əsl adı Dmitry Kuznetsov olan Husky-nin YouTube videolarına ortalama 6 milyon baxış olur. O, hakimiyyətə, polis zorakılığına istehza edən mahnıları ilə tanınıb.

Azadlıq Radiosunun məlumatına görə, 25 yaşlı Husky-yə cəzanı Krasnodar məhkəməsi kəsib. Reper noyabrın 21-də xuliqanlıq ittihamıyla saxlanmışdı.

“Ekstermizim elementləri”

Onun Krasnodarda planlaşdırılan konserti öncəsi prokurorlar tədbirin keçiriləcəyi kluba xəbərdarlıq ediblər ki, reperin proqramında “ekstremizm” elementləri var və şou başqa məkana keçirilib.

Amma hakimiyyət işıqları söndürüb və Husly azarkeşləri küçəyə çıxıb. İnternetdə yayılmış videolarda reperin avtomobilin üstünə çıxaraq oxuduğu, azarkeşlərin isə mahnıların sözlərini təkrarladığı görünür. Polis reperi saxlayıb.

Azarkeşlər polis maşınını dövrəyə alıb, reperin buraxılmasını tələb ediblər. Polis onları dağılışmaq üçün dilə tutub.

Son illər Rusiya hakimiyyəti tənqidçilərinin təqibi üçün ekstremizm qanunundan istifadə edir. Bu sənəd xeyli qarışıq dildə yazılıb.

Krasnodar polisinin məlumatına görə, Husky-nin üzərinə çıxıb oxuduğu maşının sahibi mülkiyyətin zədələnməsiylə bağlı iddia qaldırıb. Bu iddiaya görə daha uzunmüddətli həbs cəzası kəsilə bilər.

Husky avtomobilə dəyən ziyanı ödəməyə hazır olduğunu söyləyib.

Ona görə belə davrandım ki, biletlərini almış adamlarla danışmağa özümü borclu bildim”, – o, məhkəmədə deyib.

Hazırda Rusiyada reperlərin yeni bir dalğası yetişib. Onlar gənc rusiyalıların siyasi sistemdən, iqtisadi perspektivlərin olmamasından narazılığını dilə gətirirlər.