Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirildi

Noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

VHP-nin təşəbbüsü ilə keçirilən toplantıda  VHP sədri Sabir Rüstəmxanlı, AMDP sədri Nemət Pənahlı, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərləri iştirak ediblər.

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb.

O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olur.