Neftin qiyməti hökumətin büdcədə nəzərdə tutduğundan aşağı düşdü

Dünya birjalarından neft qiymətləri düşməkdə davam edir. Belə ki, Brent nefti 3% ucuzlaşaraq 60.47 dollar, ABŞ xam nefti isə 3.4% ucuzalaşaraq 51.84 dollara düşüb.

Səudiyyə Ərəbistanının, hasilatının rekord səviyyəyə qalxdığını açıqlaması neft qiymətlərinin növbəti dəfə düşməsinə səbəb olur.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Səudiyyənin neft hasilatının gündəlik 10.7 milyon barrelin üzərində olduğunu bildirib. Bu da rekord səviyyələrə işarə edir. Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları ardıcıl 9-cu həftədə də yüksəlib, bu da  2017-ci ilin Mart ayından bəri ən uzunmüddətli trenddir.

Noyabrın 5-də ABŞ-ın bəzi ölkələri İran sanksiyalarından azad etməsi neft qiymətlərinin düşməsinə təkan vermişdir. 8 ölkə İrandan neft almaqda davam edəcək və İranın ixracı tamamilə dayanmayacaqdır.

Treyderlər bildirirlər ki, Trampın OPEC və Səudiyyə Ərəbistanına aşağı qiymət üçün təzyiq göstərməyə davam etməsi və ABŞ-da artan ehtiyatlar qiymətlərin düşməsinə səbəb olur. OPEC və tərəfdaşlarının hasilatın azaldılması məsələsində razılığa gəlmələri oyunu dəyişdirə bilər.

Azərbaycan hökuməti gələn ilin büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

İqtisadçı Vuqar Bayramov bildirib ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur:

“Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlirlərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil”.

V.Bayramovun deyir ki, hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.