Qəlbimə ögey yasaqlar – Zərdüşt Əlizadə

(5 ildir zalım müstəbidin zindanında çürüyən məsum İlkin Rüstəmzadəyə ithaf edirəm)

Sabir ürək ağrısı ilə millətə fəlakət gətirən bir milli ənənədən yazmışdı: zər və güc əhli düşünən insanlara yasaqlar qoyur. Bu yasaqlar barədə Sabir əsl dahi kimi çox sadə yazmışdı. Demişdi ki, əmr edirlər görmə, yumaram gözlərim, deyirlər dinmə, bağlaram ağzımı, deyirlər eşitmə, qapayaram qulaqlarımı, amma deyəndə ki, qanma… Sabir deyir ki, bunu heç cür edə bilməz.

İndi də müstəqil Azərbaycanda hakim zümrə düşünmək qabiliyyəti olan kəslərdən sərt tərzdə tələb edir ki, görməsinlər, yoxsa tökərlər gözlərini. Millətdə mütləq azlıqda olan bu biçarələr acizanə deyirlər ki, xub, yumarıq gözlərimizi. Doymayıb bağırırlar ki, dinməyin! Məzlum əql sahibləri deyir ki, onsuz da bütün ifadə vasitələrini inhisara almısız, bütün KİV-lərin başına qoymusuz ifadə azadlığının düşmənlərini, neynək, bağlayarıq körüyün ağzını. Ağalar buyurur ki, eşitməyin! Yəni bizdən savayı heç kəsi eşitməyin! Onda da başıqapazlı düşünənlər deyir ki, baş üstə! Onsuz da elə özümüz bu dövlətdə heç kəsi eşitmək istəmirik ki, başımız ağrımasın. Açırıq milli televiziyanı, ürəyimiz bulanır. Zövqü qıcqırmış məxluqat əhalinin zombiləşdirilməsi ilə gecə-gündüz məşğuldurlar, böylə biabırçı verilişlərə baxmamaq, görməmək, eşitməmək əsl savabdır. Hakimiyyətin danışdığı yalanları və hərzeyi-hədyanı görməmək, eşitməmək və bu barədə susmaq qanan adam üçün böyük xoşbəxtlikdir.

Görəndə ki, birinci üç tələb məqbuldur, hakimiyyət buyurur ki, əla! İndi də “qanmayın”! Qanmayın ki, millətin sərvətini talan edirik, torpağını düşmənə satırıq, gələcəyini quylayırıq, gənc nəslin tərbiyəsinin mayasına haram qatırıq, milləti nadan və qorxaq böyüdürük. Qanmayın!

“Qanmayın” tələbini eşidən düşünən məxluq əyilmiş qamətini dikəldir, yerə dikdiyi başini qaldırır və hakimiyyətin üzünə şax deyir ki, bunu bacarmam!
Düzdür, silaha sarılmır, küçəyə nümayişə çıxmır, hətta hansısa etiraz məktubu imzalamır, lakin deyir ki, qanacağam! Görməyəcəyəm, eşitməyəcəyəm, dinməyəcəyəm, lakin qanacağam!

Bax, bundan hakimiyyət möhkəm əsəbiləşir və qorxur. “Suyun lal axanı, adamın yerə baxanı..”

Anlayır ki, qanan olsa, qanan qalsa, günlərin bir günü qəzəb salxımları yetişəcək.

Tamah və sərvət gözlərini tutsa da, ətrafında gördükləri itaət və yaltaqlıq onları azğınlaşdırsa da, aman və yardım diləyənlərin çoxluğu onları təskinləşdirsə də, nə isə, hansısa məchul bir hiss onlara deyir ki, qorxun! Bu eşitməyən, görməyən və susan, lakin qanan azlıqdan qorxun! Onlardır əvvəl-axır müstəbidlərin xanımanını viranə qoyan, milləti üsyana haylayan, dəlilərə yol və yel verən!

Başqa yol da var. Fəqət bu yol “milli” hakmiyyətimizə yaddır. Bu yol çox olmasa da, azca mədəniyyət və mərifət tələb edir. Hansı ki, milli mətbəximizdə bişməyib, qonşularımızdan pay gəlməyib.

Bu yol təkamülü qəbul etmək qanacağı tələb edir. Bu qanacaq isə özlərini dünyada hamıdan ağıllı hesab etməyə öyrəşmiş cahil adamlara tam yaddır. Siyasətdə təkamülün adi həyat təcrübəsinə tərcüməsi nədir? Əgər kimsə bir nəfər və ya əhalinin bir hissəsi fərqli düşünürsə, onları susdurmaq deyil, dinləmək lazımdır. Dinləyəndən sonra müzakirə açmaq lazımdır. Müzakirə zamanı qarşı tərəflərin mənafe və dəlillərinin mümkün qədər nəzərə alınması yolları razılaşdırılmalıdır.

Xülasə, qanacaq və mərifət… Hansılar ki, yoxdur. Əvəzində polis dəyənəyi, şərləmə texnologiyası, məhkəmə şəbədələri, yalançı şahidlər, vicdansız hakimlər, imansız nəzarətçilər və sairə milləti quylayan və boyunu yerə soxan milli eybəcərliklər var.

Dünya bunu görüb hakimiyyətimizin sifətinə çırpırsa, o saatdaca çörəyi şərəfsizlikdən çıxan birisi bağıracaq ki, “erməni oyunudur”!

Başına dönüm, qadanı alım, sənə quzu kəsim, erməni deyir ki, büdcəni tala? Erməni deyir ki, Azərbaycan Konstitusiyasını ayaqla? Erməni kəşfiyyatı sizi şantajla məcbur etmişdi ki, “Rostexvoorujeniye”yə 3 milyard dollar keçirib əvəzində silah almayasınız, pulu rus oğruları ilə pay-puş edib ofşor şirkətlərə, oradan da rüşvətxor avropalı deputatlara ötürəsiniz?

Əgər erməni kəşfiyyatı düşmən Azərbaycan dövlətini beləcə işəridən laxlatmağa qadir idisə, bəs nə üçün Ermənistanda öz döğma Serjik Sarkisyan hakimiyyətinin eyni dağıdıcı və xain hərəkətlərinin qarşısını vaxtında ala bilmirdi? Ala bilmirdi və iş “velvet inqilabı” ilə nəticələndi, hansı ki, bir tərəfdən dünyaya sübut etdi ki, erməni xalqı oğru və xain hakimiyyəti dinc yolla devirməyə qadirdir, lakin o biri tərəfdən göstərdi ki, erməni xalqı oğru və xain hakimiyyətin istibdadına 20 il dilsiz qul kimi dözməyə də qadirdir.

Xub, bu ucuz “erməni kartı” dəllallığını boşlayaq başdan məfrağ millətçilərə, keçək daha ciddi dəlillərə.

Hakimiyyət bunu anlamır, lakin Allahdan gizli deyilsə, məxluqdan niyə gizli qalsın? Dövlətimiz ciddi böhran ərəfəsindədir. İqtisadiyyat sahəsində neftin bahalaşması hakimiyyətin bivecliyinin üstünü müvəqqəti də olsa malalayırsa, beynəlxalq münasibətlərdə Azərbaycanın işi fənadır. Cənubi Qafqazda üç dövlətdən ikisi naqis də olsa, demokratik üsuli-idarəyə keçib zəmanə və xalqın ehtiyacı ilə hesablaşan hökumətlər qururlar və Qərbin müsbət rəyini qazanırlar. Azərbaycan isə istibdad rejimini şiddətləndirib Ərəbistan yarımadası üçün səciyyəvi nümunəvi mürtəce hökumət qurur və belə üzlə Qarabağ məsələsində Qərbdən iltifat gözləyir.

Əbəs gözləntidir! Qışda soyuğun, yayda istinin gələcəyini, sürüşmə ərazisində ev tikməyin qadağan olduğunu bilməyən hakimiyyətimizə sadə bir xəbərdarlıq etmək istərdim: yeritdiyiniz daxili siyasətlə Qarabağ məsələsində beynəlxalq hüquqa güvənməyin yeri deyil. Bu hüquq canlı bir vücuddur və gerçəkliyə, sürətlə də olmasa, uyğunlaşır. İndi bu beynəlxalq hüquqda müşahidə edilən təhlükəli bir meyl isə deyir ki, vətəndaşlarının hüquqlarını tanımayan və onları təmin etməyən hakimiyyətlər öz vətəndaşlarını qanuni idarə etmək səlahiyyətini itirirlər və bu zaman əhalinin bir hissəsi dövlətin ərazi bütövlüyü müddəasına rəğmən yaşadığı ərazini də götürüb dövlətin tərkibindən çıxmaq hüququ qazanır.

Avropa tədricən bu müddəanı Kataloniyanı öz tərkibində saxlamağa çalışan demokratik İspaniyanın boyuna ölçür, hərçənd ki, orada söhbət Ümummili Daxili Məhsulun üç-dörd faizi ətrafında gedir. Yəni Kataloniya ispan büdcəsinə 17% verib, geri 13% alır və bundan narazı qalıb İspaniyadan çıxmağa çalışır.

Bizdəki kimi hakim zümrə milli gəlirin şir payını yağmalayanda, bütöv bir milləti gecə-gündüz təhqir edəndə Qərb nə deyəcər? Hələlik Azərbaycana baş qoşmurlar, gündəmdə Putin Rusiyasıdır, Suriyadır, başqa xırda daxili məsələlər var, lakin unutmayaq ki, növbə bizə çatanda, Qərb heç nəyə baxmayacaq, özünə nə əl verirsə, onu da qanun elan edib iradəsini məzlum və asılı dövlətlərə qəbul elətdirəcək. Hakimiyyətimizin sayeyi-mərhəmətindən belə məzlum və asılı dövlətlərin birincilərindən birisi Azərbaycandır. Yüz il bundan əqdəm necə xarici qüvvələrin iradəsindən asılı idiksə, elə indi də təxminən eyni vəziyyətdəyik. Sadəcə bunu anlamaq üçün anlaqlı olmaq kifayətdir.

Bədbin diaqnozu verdim. Nə etməli sualının cavabını da verim.

Sualımın cavabı hansısa anlaqsız adama qəribə gələ bilər, zira mən hakimiyyət kürsülərində gen-bol əyləşmiş xeyli sayda siyasi kərkədanın işdən dərhal qovulmasını təklif etmirəm. Halal xoşları olsun, qoy hakimiyyət və büdcə çəmənində doyunca otlasınlar.

Mənim təklifim məhdud miqyaslı, lakin çox təsirlidir. Hakimiyyət durmadan üzüaşağı siyasi sürüşmənin qarşısını almaq üçün bircə inzibati qərar çıxarmalıdır: İlkin Rüstəmzadə, Tale Bağırzadə və digər siyasi məhbus elan edilmiş əsirləri azad etməlidir.

Mən deyəni etsələr, qara qəpik xərcləmədən nəhəng siyasi mənfəət qazanacaqlar. Yenə deyirəm, bu sadə məntiqi anlaqsız insanlar heç cür qavraya bilməzlər, necə ki, partokratlar 1980-cı illərin sonunda, süqut ərəfəsində, ən sadə iqtisadi-siyasi islahatların qaçılmazlığını dərk etmirdilər. Dərk etmirdilər, etmədilər və tarixin zibilliyinə atıldılar.

Təğyiri-libas edib hakimiyyətə qayıtdılar və köhnə adətlərindəm ikiəlli yenə yapışdılar. Və Tarixin hökmü yenə işə düşdü və onları qaçılmaz seçim qarşısında qoydu.

Bunu anlasalar da, anlamasalar da, bu seçim mövcuddur. Üzümü bu dilbilməzlərə tutub deyirəm: siyasi məhbuslara əfve-ümumi təklifimi sınayın və nəticəsinə baxın.

Möcüzə baş verəcək: üzüaşağı sürüşmə dayanacaq.

Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Zərdüşt Əlizadə