“Qarabağ Komitəsi” icra hakimiyyətinin qərarına etiraz edir

“Qarabağ Komitəsi” Bakı Şəhər İcra Hakimiyyətinin 24 noyabr mitinqinə icazə verməməsinə və məhkəmənin etinasızlığına etirazla bağlı bəyanat yayıb. 

Mitinq təşkilatçılarının yaydığı bəyanatda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Konstitusiyada təsbit edilmiş sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq, təmamilə qanunsuz və əsassız olaraq mitinqin keçirilməsinə qadağa qoyub:

“Qanunvericiliyə müvafiq olaraq Komitə icra hakimiyyətinin qərarından məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsi “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun 11- ci maddəsinə əsasən bu şikayətə 2 gün ərzində baxmalı olduğu halda baxışı 7 dekabr tarixinə təyin edib. Bundan sonra təşkilatçılar hüquqi müstəvidə qalmış imkandan istifadə edərək ərizə yazıb xahiş ediblər ki, məhkəmə öz qərarını ləğv etsin, baxış 24 noyabra qədər keçirilsin və icra hakimiyyətinin mitinqi qadağan edən qərarını ləğv edən qərar çıxarsın. Lakin mitinqin keçirilməsi üçün müəyyən edilmiş tarixə qədər məhkəmə bu ərizəyə də baxmadı. Beləliklə, məhkəmə Konstitusiya və müvafiq qanunların müddəalarını, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını pozaraq 24 noyarda mitinq keçirilməsinə qadağa barədə şəhər rəhbərliyinin qərarının de-fakto qüvvədə olması situasiyası yaratdı”.

“Qarabağ Komitəsi” bildirib ki, icra hakimiyyətinin və 1 saylı İnzibati İqtisadi Məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planları, region və ölkədəki hərbi siyasi situasiyanı müzakirə edərək, 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul edib.