SOCAR İstanbul hava limanında yanacaqdoldurma məntəqələri açır

SOCAR Türkiyədə yaxın günlərdə açılışı olan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb. Bu barədə şirkət özü məlumat yayıb.

“SOCAR Turkey Enerji” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.

Hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək.

“SOCAR Turkey” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini bildirib:

“2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14,2 mlrd. dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq”.

Vaqif Əliyevin sözlərinə görə, dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmaqlarını böyük sevinclə qeyd ediblər.

“Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”.

Məlumata görə, 9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək.

SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000 avtomobilin istifadə etməsi planlaşdırılır.