Trump Makronun təklifini təhqiramiz sayır

ABŞ prezidenti Donald Trump fransalı həmkarı Emmanuel Makronun Avropa Birliyi ordusu yaratmaq təklifini “təhqiramiz” hesab edir.

ABŞ prezidenti Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə mərasimə qatılmaq üçün Parisə gəlib.

Trump tvitterdə onun təklifini tənqid edib,yazıb ki, Avropa Birliyi ilk növbədə əsasən ABŞ-ın maliyyələşdiridiyi NATO-ya ədalətli maliyyə vəsaiti ayırmalıdır.

Makron ötən şərşənbə axşamı deyib ki, müdafiə sahəsində ABŞ-dan aslılığı azaltmaq üçün Avropaya əsil ordu lazımdır.

“Biz özümüzü Çin,Rusiya, hətta ABŞ-dan qoruya bilməliyik”, Makron bildirib.

Fransa rəsmiləri isə deyirlər ki, prezident bunu deyəndə Avropa Birliyi ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Noyabrın 10-da Yelisey sarayında ABŞ və Fransa prezidentlərinin görüşü olacaq.

Görüşdə əsasən Suriya və İran məsələləri müzakirə olunacaq.

Həmçinin liderlərin xanımlarının iştirakı ilə təntənəli yemək mərasimi də olacaq.

Birinci dünya müharibəsinin bitməsi münasibətilə Parisdə keçirilən mərasimdə 70-ə yaxın ölkə lideri iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putin də mərasimə dəvət edilib.