Əbülfəz Sadıqbəyli ev dustaqlığına buraxılmadı

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi keçirilən prosesdə verilmiş vəsatət təmin edilməyib.

Qeyd edək ki(report), ittihama görə, Əbülfəz Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham irəli sürülüb.

O, “Nikoil Bank” adından saxta sənəd hazırlayıb ondan istifadə etməkdə təqsirləndirilir. İttihama görə, gənc fəal bankın krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilir. Ə.Sadıqbəyli isə bu ittihamları rədd edir.

Səbail Rayon Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.