100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – I hissə

Elmir Mirzəyev

Elmir Mirzəyev

Bu il bəşər tarixində çox dərin izlər qoymuş hadisələrin yubileyləri ili oldu. I Dünya Müharibəsinin bitməsi, Paris və Praqa Baharları, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi, Çində “kültür inqilabının” bitməsinin 50 illiyi, dünya kommunist hərəkatını faktiki sona yetirmiş “Arxipelaq QULAQ” romanının bitirilməsi və onun müəllifinin 100 illiyi və s.

Amma bunların arasında bir toplum kimi bizim üçün ən vacibi, 1918-ci ildə yaradılmış Azərbaycan Cumhuriyyətinin 100 illik yubileyi idi. Üzərindən 100 il kimi böyük bir zaman keçmiş bu hadisə milli kimliyimizi ifadə edərək, Məhəmməd Hadinin məşhur ifadəsini əksinə çevirə bildi. O gündən bizlər artıq “Var millətimin imzası imzalar içində” — deyə bilərdik.

Lakin bir çox suallar indiyə kimi qalmaqdadır. 100 il öncə dövlət yaratmaq kimi böyük bir nailiyyəti biz necə əldə etdik? Əgər Cümhuriyyətə qədərki dövrü, yəni Rus İmperiyasının XIX əsrdə Qafqaza son olaraq gəlib, burada möhkəmləndikləri, müstəqilliyimizə qədərki 100 illik dövrü nəzərdən keçirsək, bizim qonşularımıza nisbətdə yüksələn xəttlə deyil, əksinə, bir çox zəifliklərimizin şahidi olarıq. XIX əsrdə başlanmış böyük modernizasiya prosesi bizdə çox-çox ləng gedirdi. Böyük M.F.Axundovdan başlayaraq klassiklərimizin demək olar ki, hamısı bu haqda deyib, yazıb və həyəcan təbili çalıb. Misal gətirməyə ehtiyac da gərək deyil, klassikamızı vərəqləyin — hamısı bunu deyir.

Əlbəttə ki, XIX əsrin 2-ci yarısında və xüsusən XX əsrin əvvəllərində dünyada baş vermiş energetik inqilabın böyük dalğası Azərbaycana gəlib çatmış, modernizasiya bu, və ya digər şəkildə istər-istəməz cəmiyyətə daxil olmağa başlamışdı. Məhz bu illər başlanmış böyük maarifçi hərəkatın(1) və tədrici siyasi formalaşmanın(2) paralel getməsi də bir çox məsələlərdən xəbər verirdi. Qafqazda siyasi-kültür tərəqqisinə can atan tək biz deyil, bu mövqelərdə bizdən öndə gedə bilən qonşularımızın da olması bu proesesə bir stimul və inad verir, bir çox məsələlərə isə yaxşı anlamda vadar edirdi.

Lakin həqiqətənmi Böyük Müharibəyə qədərki bu dövrdə biz müstəqil bir dövlət qura biləcəyimizə xəyal edir və ən başlıcası, buna hazırlaşırdıqmı? Ən böyük məsələlər ilk öncə xəyallarda qurulur axı.

Desək ki, Böyük Müharibəyə(3) qədərki dövrdə buna hansısa sübut tapmaq mümkündür, doğru olmaz. Maraqlıdır ki, Rəsulzadə özü də bu haqda hələ 1908-ci ildə dərc etdiyi “Qafqaz barəsində” məqaləsində bir qədər istehza-rişxəndlə də olsa, eyhamla yazırdı: “Purişkeviçin fikrincə bütün Qafqaz millətləri hamısı Rusiyadan ayrılmaq üzrə olub özlərinə xüsusi idarələr hazırlamaq fikrindədirlərmiş. Ermənilərin mədəni ittifaqları, daşnaksutyun firqələrin hamısı bu fikir ilə işliyorlar. Və gürcülər də bu qəsddə olduqlarını ikrahrəsan öldürməkləri və qeyri inqilabcuyanə hərəkətləri ilə isbat etmişdirlərmiş. Qafqaz millətlərindən hökümətə və Rusiyaya sadiq, doğru qalan ancaq bir müsəlman milləti imiş ki, bunlar da qafqaz höküməti tərəfindən daima təqib olunmaqda imişlər.(4)

Bu xüsusda Rəsulzadədən bir qədər öncə, 1905-ci ildə Əli bəy Hüseynzadə “Həyat” qəzetində yazımışdı: “Müsəlmanlar və rus təəbələri olaraq biz tərəqqiyə rus dövləti çərçivəsində can atırıq”.(5)

Aydındır ki, bu, o zamankı mövcud şərtlər altındakı maksima idi. Əslində isə iki əsrin qovşağında Qafqazda baş verən proseslərə hətta səthi nəzər salsaq belə, görərik ki, yeni zamanın bir çox çağırışlarına, tarixin ortaya çıxardığı suallara heç hazır deyildik.

Bu fonda tarixin indiki yüksəkliyindən ortaya daha bir vacib sual çıxır — 1918-də qurduğumuz Cumhuriyyət bu proseslərin məntiqi yekunu idi, yoxsa ardıcıl təsadüflər dalğasının heç özümüzün də gözləmədiyimiz nəticəsi?

1918-ci ildə Böyük Müharibə bitdi. Dünyanın məhvərini titrətmiş və siyasi xəritəni tamamilə yeniləmiş bəşər tarixinin bu müstəsna hadisəsi nəticəsində Avropada dörd böyük imperiya — Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı — dağıldı. Müharibə nəticəsində tarixin ən böyük imperiyası, “dənizlər sultanı” Böyük Britaniya da iflasa uğradı — həm vacib bir hissəsini (İrlandiyanı), həm də öz əvvəlki əzəmətini itirdi. Mühribəyə qədərki dövrdə dünyanın kültür və bütün mənalarda aparıcı-elitar mərkəzi olan Fransa da öz çəkici cazibəsini əbədi qeyb etdi.(6)

Lakin bu proseslərin nəticəsində bir çox yeni dövlətlər yarandı. Çox maraqlıdır ki, proses əsasən Avropa qitəsinin şərqində baş versə də, ilk başlanğıc qərbdə oldu — hələ müharibənin gedişində, 1916-cı ildə İrlandiya, üsyan nəticəsində Britaniya İmperiyasından ayrıla bildi, hərçənd ki, bununla imperiya dağılmadı.

Şərqdə isə bu proses daha intensiv getdi, Avstriya-Macarıstanın dağılması nəticəsində dörd yeni dövlət intişarını tapdı — Macarıstan çoxdan arzu etdiyi müstəqilliyini aldı,  Çexoslovakiya və Polşa yenidən yarandı, sonuncunun bir qismi (7) keçmiş imperiyadan götürüldü, Avstriya özü isə minillik Habsburg sülaləsini yenib Avropanın mərkəzində kiçik bir respublikaya çevrildi. Elə məhz bu zamanda Avropa və dünyada gələcək fəlakətlərin minası — Versal sülhü — qoyuldu.

Osmanlınınsa lap çoxdan — artıq iki əsrə yaxın bir dövrdə gözlənilən süqutu və dağılması, Atatürk və onun silahdaşlarının dərin səyləri, milyonlarla qurbanların nəticəsində biabırçı Sevr sülhünün yenilməsi, hazırkı Türkiyə Cumhuriyyətinin və bir çox ərəb dövlətlərinin yaranmasına səbəb oldu.

Rusiya da isə proseslər daha da ağır keçdi. Ölkə bütünlüklə kiçik hissələrə bölündü, 1918-də Avropada müharibə bitən və sülh bağlanan zaman, Rusiyada əksinə, müharibə daxilə yönəlib çox dəhşətli vətəndaş qarşıdurmasına çevrilmişdi və uzun illər davam edəcəkdi. Azərbaycanın — bizim ölkənin yaranma tarixi də məhz bu dövrə düşür. Lakin buna qədər çox uzun bir yol keçilmişdi.

Tarixi ardıcıllıq hamımıza yaxşı məlumdur. Çox da dərinə getmədən yeni tariximizə nəzər salaq. İlk öncə 205 il əvvəl, 1813-cü ildə rus-İran müharibəsinin sonucu kimi Gülüstan müqaviləsi bağlanır və biz ərazi olaraq İrandan birdəfəlik ayrılıb Rusiyaya birləşirik.

Burada kiçib bir haşiyə gərəkdir.

Doğrusu anlamaq çətindir, bu tarixi nədən bizim tarixçilərimiz hər zaman faciə kimi interpretasiya edir? Əgər bu faciədirsə, o zaman demək ki, İranın tərkibindəki cənublu soydaşlarımızın taleyini yaşamaq daha yaxşı olardı? Fərz edəlim, Rusiya o dövrdə İranı yenə bilməyəydi və biz yenə də bu, və ya başqa formada onun tərkib hissəsi kimi qalmaqda davam edəydik, indi də lap elə hazırkı molla rejiminin bir hissəsi olaydıq, bu daha yaxşı tale olacaqdımı?

Kimsə deməsin ki, biz o zaman, XIX əsrdə “müstəqil xanlıqlar” idik və sonra birləşib ayrıca dövləti, yəni Azərbaycanı qurcaqdıq — bunlar əsassız boş söhbətlərdir. Əgər belə bir tarixi mümkünat olsaydı, o zaman XX əsrdə dörd inqilaba imza armış və siyasi təşkilatlanma anlamında biz şimallılardan daha passionar olan cənublu soydaşlarımız bunu hökmən edərdi, lakin edə bilmədi — demək ki, bu prinsipcə mümkün deyildi və bizi də fərqli tale gözləmirdi.

Qısası, ya zəlzələdən, ya vəlvələdən, bizim müstəqilliyə uzanan yolumuz rusların Qafqaza gəlişindən keçir, çünki buna qədər və hətta sonra da, az qala bütün XIX əsr boyu biz hazırkı “biz” deyildik, özümüzü yalnız böyük bir ümmətin, şiə kimliyinin, açıqca İranın bir hissəsi kimi görür və qəbul edirdik. Rusların Qafqaza gəlişi ilə bizim özümüzə baxışımız istər-istəməz dəyişdi, zamanla bilaixtiyar modernləşmə və milli identifikasiya axtarışlarımız başladı. Sonra, XX əsrdə Cənubda gedəcək milli özünüdərk prosesləri də şühbəhisiz ki, məhz bu kökdən qidalanırdı.

Azərbaycan tarixinin məşhur tədqiqatçısı Tadeusz Świętochowski öz məşhur monoqrafiyasında(8) yazırdı ki, “Bu “de-iranizasiya”, azərbaycanlıların özünü İranla identifikasiyasının zəifləməsini arzu edən rus iqtidarında müəyyən dəstək tapmışdı”. Bu anlamda sırf ərazi kimi və eyni zamanda mental-mənəvi olaraq İran ərazisindən ayrılmamız bütün XIX əsr boyunca tədrici baş verirdi və toplum olaraq bu, bizim üçün şübhəsiz ki, taleyüklü bir məsələ idi.

Əgər rusların Qafqaza gəlişi olmasaydı, bu yöndə çətin ki, nəsə dəyişəydi. Qısası, bizim tarixçilərin kədərlə andığı “xalqın iki yerə bölünməsi” konsepti, əslində İranin bütövlüyünə tutulan yasdır, işdə başqa bir şey deyil.

1) İlk qəzet “Əkinçi” (1875), ilk jurnallar “Molla Nəsrəddin” və “Füyuzat” (1907), ilk opera “Leyli və Məcnun” (1908), ilk operetta “Arşın mal alan” (1913), və s. 

2) İlk öncə 1902-ci ildə gənc Rəsulzadə tərəfındən Bakıda “Müsəlman gənclər təşkilatı”, sonra 1904-cü ildə müsəlman dünyasında ilk sosial-demokrat partiyası “Hümmət” yaranır. 1905-ci ildə hərbi-siyasi “Difai” təşkilatı, sonra isə 1911-ci ildə yaradılmış və tariximizdə müstəsna rol oynamış milli-demokratik “Müsavat” firqəsinin yaradılması, bunlardan başqa kiçik və müvəqqəti xarakter daşıyan birliklər də mövcud olub, məs., 1905-ci ildə Gəncədə “Qeyrət” təşkilatı və s. 

3) II Dünya Müharibəsinə kimi tarixi mənbələridə adı belə gedirdi.

4)  M.Ə.Rəsulzadə, “Tərəqqi” qəzeti, № 126, 14 dekabr 1908. 

5) “Həyat” qəzeti, 7 iyun, 1905. 

6) Böyük Müharibəyə qədərki dövrdə Fransa və xüsusən də Paris, Avropa və dünyanın kültür və geosiyasi mərkəzi idi, hər mənada elitar sayılırdı — kültür, təhsil, ticarət, aparıcı ideyalar və kəşflər, moda, dil və s. Bu mənada Paris heç bir zaman nə London, nə Berlin, nə New-York, nə də ki, Peterburqla müqaisə edilmirdi. Müharibədən sonra isə artıq heç bir zaman belə olmadı, ölkə tamamilə müflis oldu, eyni zamanda fransız dilinin də mövqeləri bu dövrdə tədricən itirildi, 1945-dən sonra isə ümumiyyətlə lingua franca, yəni dünya dili olmaqdan çıxıb, öz min illik yerini ingilis dilinə verməli oldu — bunun səbəbi Böyük Müharibə idi.

7) Mərkəzi Krakov və Lvov olmaqla cənub vilayətləri nəzərdə tutulur.

8) Tadeusz Swietochowski, “Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community” (1985)