Azərbaycan və ABŞ hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirəcək

0

Azərbaycan və ABŞ hərbi-texniki sahədə və hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bu barədə Azərbaycanın müafiə naziri Zakir Həsənov dekabrın 4-də ABŞ Müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov iki ölkə arasında hərbi münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib və Azərbaycan hərbiçilərinin NATO-nun Əfqanıstanda “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakına diqqət çəkib.

Nazir qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan Azərbaycanlı zabitlərin sayının artırılması qərara alınıb.

Öz növbəsində, L.Kuper qeyd edib ki, ABŞ hökuməti təhlükəsizlik və müdafiə sahəsində Azərbaycanla əməkdalığın genişləndirilməsində və möhkəmləndirilməsində maraqlıdır. Azərbaycanın Əfqanıstandakı əməliyyata verdiyi töhfəni yüksək qiymətləndirən Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirib:

“Bu gün Əfqanıstanda əldə edilmiş uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.

Qonaq Azərbaycanın terrorizmə qarşı mübarizədə iştirakını və Azərbaycan sülhməramlılarının Əfqanıstandan nümunəvi xidmətini xüsusi vurğulayıb.

Görüşdə tərəflər Azərbaycan və ABŞ arasında hərbi münasibətlərin inkişafı perspektivlərini, xüsusən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı, habelə hərbi təhsil və tibbi hazırlıq məsələlərini müzakirə ediblər.