Baş redaktora qarşı yeni ittihamlar irəli sürülüb

Anar Məmmədov Bakı prokurorluğuna çağırılıb

“Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədova qarşı yeni ittihamlar irəli sürülüb.

Jurnalist Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bu barədə Meydan TV-yə prokurorluqdakı mənbələr məlumat verib.

Mənbə Anar Məmmədovun noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırıldığını deyib.

Bu maddələrlə jurnalisti 12 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Elmar Vəliyevə qarşı hücum iyulun 3-də baş verib.

“Criminalaz.com” saytı məhkəmə qərarı olmadan bloklanıb.