Çinin Lanfan şəhərində Milad bayramı qadağan edilib

Çində paytaxt Pekin yaxınlığındakı Hebey vilayətindəki Lanfan şəhərinin rəhbərliyi Milad bayramı ilə bağlı əlaqədar bəzək əşyalarından istifadəni və bayrama həsr olunmuş tədbirlərin keçirilməsini qadağan edib.

Bu barədə “South China Morning Post” yerli hakimiyyət orqanlarının qərarına istinadən məlumat verib.

Qərarda bildirilir ki, hüquq-mühafizə orqanları küçələrdə Milad ağaclarının, Santa Klaus fiqurlarının, eləcə də digər Milad bayramı rəmzlərinin nümayiş etdirilməsinin qarşısını almaq üçün patrulları gücləndirməlidir.

“Pəncərələrdəki bütün Milad şəkilləri, şüarlar, ictimai reklamlar və digər təbliğat vasitələri qopardılmalıdır”, – qərarda deyilir.

Yerli hakimiyyət orqanları həmçinin küçə çıxışlarını və digər təbliğat tədbirlərini qadağan ediblər. Onların fikrincə, Milad bayramı və onunla əlaqədar olan fəaliyyət dini təbliğ edir.