Daxili qəzəblə zahiri sakitlik arasındakı ziddiyyət haqqında

Seymur Baycan

Seymur Baycan

…Keçmişdə yararlı, hətta zəruri olan bir ideya indi yararsız və artıq bir yükə çevrilir, habelə, ya qısa, ya da uzun çəkən bir savaşdan sonra bu ideya öz yerini yeni bir ideyaya verməli olur və bu yeni ideya artıq bu günün ideyasına çevrilir.   

Ancaq bir də görürsən belə də olur: ömrünü başa vurub insanların şüurunda yenisi ilə əvəz olunmağa başlayan köhnə ideyanın aradan qalxmaması, öz təsirini saxlaması, toplumda yüksək nüfuz yiyəsi olan kimsələr üçün yararlı olur. Bu durumda vaxtı keçmiş ideya yaşamın quruluşunda baş vermiş münasibətlər sistemi ilə kəskin uyuşmazlıq yaratmasına baxmayaraq insanların düşüncələrinə və davranışlarına təsir eləməkdə davam eləyir. Vaxtı keçmiş ideyaların aradan qalxmasının ləngiməsi dini oblastda özünü daha çox göstərməkdədir. Bunun başlıca səbəbi isə vaxtı keçmiş bu dini ideyaların öz yararlarına işlədiyini anlayan ruhanilərin əllərində toplaya bildikləri hakimiyyətdən yararlanaraq insanların düşüncələrini bilərəkdən bu vaxtı keçmiş ideyalara bağlayıb saxlamasıdır.

Dövlətçiliyin yer aldığı oblastda patriotizmlə bağlı da elə bu səbəbdən belə bir durum yaradılır və demək olar, hakimiyyətlərin hamısı bundan eyni dərəcədə yararlanmağa çalışırlar. Heç bir anlamı, yararı qalmamış bu ideyanı ondan xeyir götürə bilən insanlar süni surətdə yaşatmağa çalışırlar. İnsanlar üzərində çox böyük təsir imkanlarına yiyələndikləri üçün də onlar demək olar həmişə bunu bacarırlar. 

Lev Tolstoy – “Patriotizm və hakimiyyət” məqaləsindən

Sırtıq, həyasız, yaltaq, hər cür cildə girməyi bacaran, siyasi mövqeyini, düşərgəsini mandat, vəzifə, pul müqabilində dəyişən adamların vətənpərvərlikdən dəm vurması köhnə söhbətdir. Son iki-üç ildə ölkədə vətənpərvərlikdən dəm vuran adamların sayında xeyli artım baş vermişdir. Vətənpərvərlikdən dəm vuranların arasında hər cür peşə sahibinə rast gələ bilərsiniz. Hər bir hadisənin, prosesin səbəbi olduğu kimi vətənpərvərlikdən dəm vuranların sayının artması da əlbəttə səbəbsiz deyil. Vətənpərvərlikdən dəm vuranların sayında kəskin artımın baş verməsinin bir neçə səbəbi vardır. Manat urvatdan düşüb, idarələrdə, şirkətlərdə ixtisarlar gedib, paketlər kəsilib və paketi kəsilən, işini itirən adamlar möhkəm əsəbiləşiblər. Manatın urvatdan düşməsindən, paketlərin kəsilməsindən, şirkətlərdə, idarələrdə aparılan ixtisarlardan birbaşa zərər çəkmiş adamlar isə möhkəm əsəbiləşəndən sonra adətən vətənpərvər olurlar. Bu adamlar sonra nə olacaqlar, onu proseslər göstərəcək. Zəmanəmizin kifayət qədər məşhur mütəfəkkirlərindən birinin təbirincə desəm, başı ilə başa düşə bilməyən adamlar qarnı ilə başa düşməyə məcbur olacaqlar.

Ölkədə vətənpərvərlikdən dəm vuran adamların sayında kəskin artımın baş verməsinin ən əsas səbəblərindən biri odur ki, xeyli jurnalist, ziyalı, siyasətçi, QHT nümayəndəsi siyasi mövqeyini bu və ya digər səbəbdən dəyişibdir. Onlar daha əvvəllər danışdıqları, yazdıqları mövzularda (ölkədəki problemlərdən, korrupsiyadan, söz və sərbəst toplaşmaq azadlığının, mülkiyyət toxunulmazlığının olmamasından) danışa, yaza bilməzlər, amma bununla belə həyat, mövcud vəziyyət, bəzən eqo onlardan danışmaq, yazmaq tələb edir. Belə olduğu halda onlar vətənpərvərlikdən, millətçilikdən, xalqdan danışmaq “məcburiyyətində qalırlar”. Bu adamlar özlərinə təsəlli vermək üçün əcaib bir üsul icad ediblər. Guya hakimiyyət və dövlətçilik, guya hakimiyyət və vətən, guya hakimiyyət və xalq anlayışları tamam ayrı-ayrı anlayışlardır. Guya hər hansısa təhlükəyə görə onlar bəzən vətən, dövlət, xalq naminə vətənin, dövlətin, xalqın mövqeyindən çıxış etməyə məcbur olurlar. Təhlükə demişkən Azərbaycan kimi ölkələrdə təhlükə olmasa belə, onu uydurmaq lazım gəlir.

Hörmətli vətənpərvərlər vəziyyəti mürəkkəbləşdirib özünüzü və camaatı yormayın, at izini, it izinə qarışdırmayın. Hər şeyin sadəsi daha təsirli olur. Utanmayın, kimə, hansı ünvana yaltaqlanmaq istəyirsinizə, birbaşa yaltaqlanın. Sizlərin özünüzə təsəlli vermək üçün icad etdiyiniz üsul tamamilə cəfəngiyyatdır. Nə dövlət, nə dövlətçilik, nə xalq, nə vətən… Həqiqi, real vəziyyət belədir: dövlət+xalq+vətən=hakimiyyət. Qısası, vətənpərvərlik bu gün mahiyyət etibarı ilə yaltaqlığın bir işlək növünə çevrilibdir. Bəzən yaltaq vətənpərvərlərin əlinə fürsət düşür, hər hansı hadisəyə görə guya qəzəblənib zəncir çeynəyirlər, vətən, xalq, dövlət deyib od püskürürlər, əslində isə gücləndirilmiş yaltaqlıq rejiminə keçirlər. Azərbaycanda total riyakarlıq hökm sürməkdədir. Görəsən, həmişə belə olacaq?

Dörd-beş ilin söhbətidir. Müharibə əleyhinə yazı yazmışdım. Həmin günlərdə bir məclisdə iştirak etməli oldum. Məclis restoranın həyətində ağacların altında qurulmuşdu. Hava çox təravətli idi və belə təravətli havada doyunca yemək, başı yormayan söhbətlər etmək istəyirdim. Sən saydığını say, gör fələk nə sayır. Məclis iştirakçılarından bir neçə adam müharibə əleyhinə yazdığım yazıya görə bəndənizə iradlarını bildirdilər. İradlarının da məğzi ondan ibarət idi ki, müharibə şəraitində olan bir ölkənin publisisti müharibə əleyhinə yazı yazmamalıdır, əksinə adamların vətənpərvərlik hislərini alovlandırmalıdır. Yəni qələmini süngüyə çevirib vətənə, xalqa xidmət göstərməlidir. Bu barədə bir az söhbət etməli olduq və söhbətin gedişatında məlum oldu ki, müharibə əleyhinə yazı yazdığıma görə mənə irad bildirən adamların heç biri hərbi xidmətdə olmayıb. Onlara dedim ki, üç il hərbi məktəbdə oxumuşam, darıxa-darıxa bir il altı ay da xidmət edib halal yolla hərbi bilet almışam. Siz rast ki belə müharibə tərəfdarısınız, rast ki müharibə əleyhinə yazı sizə belə pis təsir edib, bəs o zaman niyə hərbi xidmətə getməmisiniz?

Müharibə əleyhinə yazı yazdığıma görə mənə irad bildirən adamlara bu sualı verəndə restoranın həyətində gəzişən, pipiyindən qan daman xoruz qanadlarını çırpıb üç dəfə banladı və dərhal da susdu. Müharibə əleyhinə yazı yazdığıma görə bəndənizə irad bildirənlər əsgərliyə niyə getmədiklərini əsaslandırmaq üçün sözün həqiqi mənasında müxtəlif süjetli, sonluğu eyni olan nağıllar danışdılar və bununla özlərini daha da ifşa etdilər. Açıq-aşkar bəlli oldu ki, məni müharibə əleyhinə yazı yazmaqda qınayan adamların hərəsi bir cür, hərəsi bir bəhanə ilə əsgərliyə getməkdən yayınıblar. Belə yerdə yaxşı deyiblər; yerini islatmağı bəs deyil, hələ bir şirinçay da istəyir. Hərbi xidmətdən hərəsi bir bəhanəylə yayınıb əsgərliyə getməyiblər, başlarını aşağı salıb kirimişcə yeməklərini yeyib, araqlarını, limonadlarını içmək əvəzinə durub başqasına müharibə əleyhinə yazı yazdığına görə irad bildirirlər. Həmin dəqiqələr çox qəzəblənsəm də zahirən özümü çox sakit aparırdım və daxilimdəki qəzəblə zahiri sakitliyim arasındakı ziddiyyət özümü də heyrətləndirirdi. Zarafat edirəm. Qəzəblənib zad eləməmişdim. Həm daxilən, həm də zahirən çox sakit idim. Sonuncu cümləni elə-belə, kolorit naminə yazdım.